Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Hazırda oxunan: Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

271120

Xəbər verdiyimiz kimi, ABŞ Federal Ehtiyat Sistemi (FED) son doqquz ayda ilk dəfə olaraq faiz dərəcələrini 4,25-4,5 faiz diapazonundan 4-4,25 faizə endirib.

Atılan bu addım fonunda bir çox ekspertlər prosesin qlobal maliyyə bazarları və milli valyutalara təsirsiz ötüşməyəcəyi qənaətindədir.

Dolların məzənnəsi baxımından aşağı faiz dərəcəsi adətən zəiflədici faktor kimi çıxış edir. Belə ki, atılan bu addım fonunda investorlar dollarla saxladıqları aktivləri satıb, onu daha gəlirli valyutalara və ya bazarlara yönəltməyə üstünlük verirlər. 

FED-in son qərarı görəsən manatın məzənnəsini necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, FRD-in faiz dərəcəsini aşağı salmasının birbaşa olaraq manatın məzənnəsinə heç bir təsiri olmayacaq:

“FED-in faiz dərəcələrini aşağı salması birbaşa ABŞ dollarının dəyərinə təsir göstərir. Faiz dərəcəsi endiriləndə dolların gəlirliliyi azalır, investorlar alternativ valyutalara, qızıla, neftə və digər aktivlərə yönəlir. Bu da adətən dolların dünya bazarında ucuzlaşmasına gətirib çıxarır.

Azərbaycan manatı rəsmi olaraq dollara sabit məzənnə ilə (1 USD = 1.70 AZN) bağlıdır. Bu o deməkdir ki, qlobal bazarlarda dollar ucuzlaşsa da, Mərkəzi Bank məzənnəni inzibati olaraq sabit saxlamaqda davam edir”.

FED qərarının manata dolayı təsirləri olacaq.

Həmsöhbətimiz atılan addımın manata dolayı təsirlərinin ola biləcəyini istisna etmədi:

“Dollar zəifləyəndə neft adətən bahalaşır. Azərbaycanın əsas gəlirləri neftdən asılı olduğuna görə bu, valyuta daxilolmalarını gücləndirə bilər və manatın sabitliyini daha da möhkəmləndirər. Avro, lirə və digər valyutalara qarşı dollar ucuzlaşırsa, manat sabit qaldığı üçün həmin valyutalarla idxal olunan mallar Azərbaycanda nisbətən bahalaşa bilər”.

Yaxın perspektivdə Mərkəzi Bank kursu dəyişməyəcək.

İqtisadçı deyir ki, FED uzun müddət faizləri aşağı səviyyədə saxlayarsa və dollar zəifləməsi davam edərsə, Azərbaycan da tədricən sabit kurs siyasətinin təzyiqi altında qalmaqla üzləşə bilər:

“Amma yaxın perspektivdə (bir neçə ay) Mərkəzi Bank kursu dəyişmək niyyətində deyil. FED-in faiz endirimi qlobal səviyyədə dolları zəiflədib nefti gücləndirəcək ki, bu, Azərbaycanın valyuta gəlirlərini artıracaq və manatın sabitliyini möhkəmləndirəcək. Amma məzənnə inzibati qaydada tənzimləndiyi üçün yaxın müddətdə 1.70 səviyyəsində qalacaq”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin