Sıxlığı azaltmaq üçün yeni TƏHSİL MODELİ – Rayonlara universitetləri yox, ixtisasları köçürək - TƏKLİF

Hazırda oxunan: Sıxlığı azaltmaq üçün yeni TƏHSİL MODELİ – Rayonlara universitetləri yox, ixtisasları köçürək - TƏKLİF

271105

Son illər ali təhsil sistemində islahatlar, universitetlərin birləşdirilməsi və hətta onların tam şəkildə regionlara köçürülməsi məsələsi tez-tez gündəmə gəlir. Lakin bu proses böyük maliyyə, infrastruktur və strateji planlaşdırma tələb etdiyindən, real addımlar hələ də atılmayıb.

Universitetlərin tam şəkildə deyil, fakültə və ixtisas səviyyəsində regionlara köçürülməsi isə demək olar ki, heç müzakirə olunmur.

Məsələn, Lənkəran və Gəncə Universitetində “Jurnalistika” fakültəsi yoxdur. Bakıda isə bu ixtisas 3 universitetdə var. Buna görə də həmin şəhərlərdə yaşayanlar oxumaq üçün Bakıya gəlirlər. Bu digər bir çox ixtisasda da özünü göstərir.

Halbuki bu addım həm bölgələrdə sosial-iqtisadi fəallığın artırılmasına, həm də Bakıdakı təhsil sıxlığının azaldılmasına töhfə verə bilər.

Bəs nəyə görə bu istiqamətdə düşünülmür? Region universitetləri bu yükü daşıya bilərmi?

Bizim.Media mövzuyla əlaqədar Milli Məclisin Gəncə şəhəri üzrə deputatı Naqif Həmzəyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə regionlarda elə ixtisaslar yaradılmalıdır ki, tələbə üçün rayonda təhsil almaq  Bakıda oxumaqdan daha əlverişli olsun:
 

“Uzun müddətdir ki, Bakıdakı tıxac probleminin həlliylə bağlı müxtəlif təkliflər irəli sürülür.  Ən çox səsləndirilən təkliflərdən biri universitetlərin paytaxtdan rayon və şəhərlərə köçürülməsidir. Ancaq açıq danışaq ki, bu o qədər də asan məsələ deyil.  Çünki universitetlərin binaları Bakıda yerləşir. Bu çox böyük maliyyə tutumlu layihədir. Universitetlərin rayon və şəhərlərə köçürülməsindənsə, oralarda yeni, xüsusilə özəl universitetlərin açılmasına şərait yaratmaq lazımdır”.


Naqif Həmzəyev vurğulayır ki, regionlarda özəl universitetlərin açılması önəmlidir:

“Hazırda dünyadakı bəzi müasir ixtisaslar heç bizim böyük universitetlərimizdə belə, tam olaraq tədris edilmir. Buna görə də Gəncə, Lənkəran, Şəki, Naxçıvanda özəl universitetlərin açılmasına şərait yaratmalıyıq. Bunlar dövlətə yük olmadan, sahibkarlar və iş adamları tərəfindən yaradılsın. Belə olsa, paytaxta üz tutan tələbələrin bir qismi o universitetlərə yönələcəklər.

 

Çünki hər kəs müasir ixtisasları öyrənib, əmək bazarında rəqabətə tab gətirmək istəyirlər. Eyni zamanda, regionlarda oxuyan tələbələr üçün həvəsləndirici şərait, xüsusi qaydalar formalaşdırmalıyıq.  Hazırda Gəncə və Bakıda oxuyan tələbələr arasında fərq qoyulmadığı, regionda oxuyana daha yaxşı şərait yaradılmadığı üçün onlar Bakıda oxumağa üstünlük verirlər”.

 

Müsahibimiz tələbə yataqxanaları mövzusuna da diqqət çəkib:

“Tələbələri maraqlandıran yataqxana problemi həll olunmalıdır. Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanası var. 1000 nəfərlik  yataqxana tələbələr üçün cəzbedicidir”.

“Naxçıvanda böyük potensial var”.

 “Naxçıvanda 4-5 universitet yarada bilərik. Orada yataqxanaların tikilməsi üçün imkanlar var.

 Regionlarda elə ixtisaslar yaradılmalıdır ki, tələbələr üçün Bakı əvəzinə regionlarda təhsil almaq daha əlverişli olsun. Bundan sonra Bakıdakı ali məktəblər rəqabətə dözmək üçün regionlarda filiallarını açacaqlar”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin