“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

Hazırda oxunan: “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

270888

Son vaxtlar bir sıra QHT-lər öz nizamnamələrini pozaraq qanunazidd fəaliyyətlə məşğul olur. Ən pisi də odur ki, həmin QHT-lərin çoxu şəhid ailələrinin, qazilərin və hətta Milli Qəhrəmanların ailələrinin adından çıxış edirlər. Artıq vaxt çatıb ki, “orden-medal ticarəti”, torpaq alveri, reketçilik ilə “şöhrət qazanmış” ayrı-ayrı QHT sədrlərini – yalançı qəhrəmanları cəmiyyət yaxşı tanısın, onlar barədə hüquqi ölçü götürülsün.
 

Məsələn, “Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Şəhid Ailələrinə Qayğı Cəmiyyəti”nin sədri Müşfiq Əliyev kamera qarşısında etiraf ediblər ki, onlar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna zidd olaraq, medallar təsis ediblər.


“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyi, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyi və digər təşkilat da qanunsuz medal və orden paylamaqla məşğul olduqlarına dair məlumatlar yayılıb.

"Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun sədri Sərraf Orucovun isə Rusiyadan Bakıya medallar gətirərək satması barədə ittihamları səslənir.

Maraqlıdır ki, daha bir QHT barədə Bizim.Media-ya xoşagəlməz məlumat daxil olub.

Məlumatda deyilir ki, “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı və təşkilatın üzvləri Abşeron rayonu ərazisində ayrı-ayrı dövlət qurumlarını şantaj edərək, ümumilikdə 17 hektar ərazinin qoyunçuluq təsərrüfatı üçün ictimai birliyə verilməsinə israr edirlər.

Tələb olunan ərazilərin 7.58 hektarı Abşeron rayonunun Masazır kəndində, 9.43 hektarı ilə Saray qəsəbə inzibati ərazilərinə aid sahələrdir.

Elşən Uluxanlının bu işdə “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin İdarə Heyətinin üzvü Zabit Quliyevi, bu QHT-nin təmsilçiləri Teymur Haqverdiyev və Hümbət Məmmədovu qabağa verdiyi də iddia edilir.
 

Eyni zamanda iddia edilir ki, bir çox yerli icra hakimiyyətlərinin arxivi Elşən Uluxanlının müxtəlif obyektlər açmaq üçün müraciətləri ilə doludur. Deyilənlərə görə, Elşən Uluxanlı Ağdaş və Göyçayda öz biznesini genişləndirməyə çalışır.


Səslənən iddialarla bağlı Elşən Uluxanlının mövqeyini öyrəndik. Bizim.Media-ya açıqlamasında Elşən Uluxanlı iddiaları qəbul etmədiyini bildirdi:

“Vallah, mənim- Uluxanlı Elşən Aydın oğlu adına biznesim varsa, onu sübut edən şəxsə hədiyyə edə bilərəm. Eləcə də, “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri kimi adıma hər hansı bir obyekt, hər hansı bir torpaq sahəsi aşkar olunarsa, onların hamısını bu faktı aşkar edən şəxsə hədiyyə edirəm”.

Adıçəkilən şəxsləri də dinləməyə hazırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin