Mərdəkanda makler tikililərə qanunsuz MÜDAXİLƏ edir – İcra hakimiyyəti isə SUSUR – VİDEO

Hazırda oxunan: Mərdəkanda makler tikililərə qanunsuz MÜDAXİLƏ edir – İcra hakimiyyəti isə SUSUR – VİDEO

270701

Mərdəkanda makler tikinti normalarına və qanunvericiliyə zidd addım atıb. Söhbət Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan küçəsi 15/44 ünvanından gedir. Makler həmin ünvanda yaşayan Günay Rüstəmovaya məxsus evin hasarına bitişik inşaya başlayıb və tikinti zamanı müəyyən edilmiş ara məsafəsinə riayət etməyib. Qeyd edək ki, Mərdəkan qəsəbəsində buna bənzər çox sayda şikayətlərin olduğu bildirilib.

Bizim.Media-ya müraciət edən Günay Rüstəmova ona məlumat verilmədən yeni tikilinin hasarına birləşdirilməsindən şikayətlənib. O, deyib ki, makler həyətyanı sahəni üç hissəyə bölərək əlavə darvazalar quraşdırıb. Bu darvazalardan biri isə birbaşa ona məxsus hasara birləşdirilib və sərhəd xəttinə dirək kimi söykənib.

“Makler bilmir ki, yaşayış evləri arasında ən azı 3 metr məsafə olmalıdır?”

Şikayətçi bu halın həm təhlükəsizlik, həm də mülkiyyət hüquqlarının pozulması baxımından ciddi narahatlıq yaratdığını vurğulayır:

“Mərdəkanda həyət evim var və 4 il orada hasar tikmişəm. 4 il yarım keçib və indi bir makler evimin arxa tərəfindən torpaq alıb. 9 sotun içində bir-birinə bitişik 3 ev tikib. Bunun təbii ki, mənə aidiyyəti yoxdur. Özü bilər. Amma adam üçüncü evinin həyətinə qənaət etmək üçün hasarı mənim hasarımın ortasına birləşdirib.

Əvvəla məndən buna görə icazə almayıb. İkincisi isə onun darvazası vibrasiya ilə işləyən hərəkətli darvazadır. İstənilən vaxt uça bilər. Mənim evində isə 3 azyaşlı uşaq var. Nə ixtiyarla xəbərsiz hasarıma bitişik iş görüb? Bura mənim mülkiyyətimdir. Məgər makler bilmir ki, yaşayış evləri arasında ən azı 3 metr ara məsafəsi olmalıdır?”

İcra hakimiyyəti qanunsuz addıma necə haqq verə bilər?

Günay Rüstəmova tələblərin pozulması ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini istəyir:

“Qanunsuz müdaxiləyə dərhal son qoyulmasını və hasarıma birləşdirilmiş darvazanın sökülməsini xahiş edirəm. Dəfələrlə  bununla bağlı Xəzər rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciətlər etmişəm. İcra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Çərkəz Tanrıverdiyev maklerin icazə üçün portalda adının olduğunu deyir, amma mən buna inanmıram. Üstəlik qanunla mənim də rəsmi icazəm olmalıdır. Mənim icazəm olmadan tikinti necə aparılıb? Makler nəinki icazə alıb, tikintini belə xəbərsiz aparıb. Axı qanunsuz addıma necə haqq verilə bilər?”

Məsələ ilə bağlı Xəzər rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Dəfələrlə etdiyimiz zənglərə cavab verən tapılmadı.

“Mənə aid olan hissəni etdim və vətəndaş mənə qulaq asmadı” 

Suallarımızı Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Şahbala oğlu Muqbilova ünvanladıq. İlqar Muqbilovun cavabı isə absurd olduğu qədər də təəccüblü oldu:

 

“Günay xanımın işi ilə mən məşğul oldum. Mənə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən şifahi məlumat verilmişdi. Şikayətçi xanımla görüşdüm və əraziyə baxış keçirdim. Gördüm ki, artıq tikinti işləri yekunlaşıb və Günay xanıma da bunu bildirdim ki, mənim xəbərim işlər yekunlaşandan sonra olub. Amma yenə də maklerlə görüşdüm, xanımın şikayətini bildirdim və dedim ki, mümkünsə özünə yeni hasar tiksin və darvazanı da öz hasarına birləşdirsin.

 

O da bildirdi ki, ora “kupça” alıb, özəlləşdirib və rəsmi sənədlə tikintini yekunlaşdırıb. Amma yenə də “baxış keçirib əncam çəkmək mümkündürsə edərəm” dedi. 3-4 gün keçdi, yenə o yoldaşla əlaqə saxladım. Dedi, yox mümkün deyil, mən özümçün əlavə hasar tikə bilməyəcəm. Ümumi hasardı, onun yarısı üçün nə qədər pul düşürsə, onu verəcəm. Bununla da yekunlaşdı. Artıq orada hansısa hüquqi addım atmaq ixtiyarım yoxdu. O səlahiyyət sahibi deyiləm. Mənə aid olan hissəni etdim və gördüm ki, vətəndaş mənə qulaq asmadı”. 

“Problemin həlli mənlik deyil”

İlqar Müqbilov bir növ maklerin müdafiəsinə qalxaraq bu məsələdə şikayətçi xanımı günahlandırıb və bildirib ki, Günay Rüstəmova tikintiyə başlananda müdaxilə etməli idi:

“Mənim işim o idi ki, Günay xanımın xahişini həmin vətəndaşa çatdırım. Problemin həlli artıq onun öz üzərinə düşür, mənim yox...Vətəndaş istəyir öz hasarını ayrı tiksin, istəmir hüquqi müstəvidə cavabını versin. Qalan məsələlər mənlik deyil”, - deyə İlqar Müqbilov qeyd edib.

 

Məlumat üçün bildirək ki, fərdi yaşayış evləri tikilərkən mütləq müəyyən minimal ara məsafələri gözlənilməlidir. Bu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və aidiyyəti normativ sənədlərlə tənzimlənir. Qonşu tikililər arasında minimum 3 metr ara məsafəsi saxlanmalıdır (bu məsafə yaşayış zonasına, torpaq təyinatına görə dəyişə bilər); Ara məsafəsi günəş işığı, hava dövranı, yanğın təhlükəsizliyi və şəxsi məxfiliyin qorunması baxımından vacibdir. Əgər qonşunun yazılı razılığı və rəsmi tikinti icazəsi yoxdursa hasara bitişik və ya hasarı divara birləşdirən tikinti qanunsuz sayılır.

 

Qanunsuz addıma hüquqi  cavab...

Makler və ya hər hansı şəxs (hüquqi və ya fiziki) fərdi ev tikərkən, ərazi üzrə İcra Hakimiyyətindən,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyindən  (təhlükəsizlik qaydalarına uyğunluq) və ya yerli Memarlıq və Tikinti şöbəsindən (layihənin təsdiqi barədə) icazə sənədi almalıdır. Bundan əlavə əgər tikinti hasara sıfır məsafədə və ya ona birləşik aparılırsa, qonşudan yazılı razılıq  mütləqdir.

Qeyd edək ki, Xəzər rayon İcra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Çərkəz Tanrıverdiyev də zənglərimizi açmayıb.

Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.





Alçina Amilqızı, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin