İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

Hazırda oxunan: İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

270259

Əvvəl yaxını dünyasını dəyişən şəxslər ona 1 il yas tutar, hətta evlərində televizorun üzərini örtərmişlər. Tədricən belə adətlər azalsa da, hələ də bəzi yerlərdə bir il boyunca ölən şəxsin yaxınları toya getməz, kişilər saqqal uzadar, qadınlar isə saçlarını boyamazlar. Ancaq bu adətlə  razılaşmayanlar da var. Onlar düşünürlər ki, yaxınını itirməyin kədəri 1 il sonra keçmir. Buna görə də saqqal uzatmaq və s kimi hallar kədərin  göstəricisi deyir. El arasında bu mövzuda fikirlər müxtəlifdir.

Bəs İslam dini nə buyurur? Dünyasını dəyişən üçün 1 il yas saxlamaq dinə aiddir?

Bizim.Media mövzuyla əlaqədar ilahiyyatçı Tural İrfanın fikirlərini öyrənib. O vurğulayıb ki, İslam dininə görə ölən üçün 3 gündən artıq yas saxlamaq olmaz.

“Saqqal uzatmaq, qara bağlamaq cəhalətin özüdür”      

“İslam axirətə, öldükdən sonra inanca əsaslanan din olduğu üçün ölüb yox olmağı qəbul etmir. İnsanın əslində ölmədiyini, həyatını dəyişdiyini tərənnüm edərək bu baxımdan da bədbinliyi yox, nikbinliyi təbliğ edir. Ona görə də ölmüş adamın yasını mübaliğəli şəkildə faciəyə çevirmir, bu dünyadan əsas əbədi dünyaya keçid kimi xarakterizə edir. Ona görə ölmüş adama görə qara bağlamaq, saqqal uzatmaq, toya - şənliyə getməmək, televizora baxmamaq kimi adətlər tamamilə yanlışdır, xurafatdır, cəhalətin özüdür”.

İlahiyyatçı bildirib ki, bu adətlər çox sonralar farslardan və başqa xalqların inanclarından keçib.

“Yası uzatmaq növbəti yasa hazırlaşmaqdır...”.

“Həzrət Məhəmməd Peyğəmbərin sağlığında çox yaxın əzizləri vəfat edib, şəhid olub, 6 övladı dünyadan gedib. Onlara nə ehsan verilib, nə 3,7,40 verilib, nə də vəfatının il dönümü qeyd olunub. Çünki Quranda, İslamın əsasında belə bir hökm, qayda yoxdur.

Bir qrup adam hətta İmam Hüseynin və ailəsinin vəfatına əsrlərdir əcaib formada guya yas saxlayır. Əslində qondarma adətlərlə, nağıl danışıb ələm gəzdirməklə, özünü döyməklə, zəncir vurmaqla İmam Hüseyni və İslamı hörmətdən salırlar.
 

Çünki İslamda yas saxlamaq qətiyyətlə yoxdur. Şəhid olub Cənnətə gedən adama da yas tutarlar ki, niyə Cənnətə getdi? Bu hansı ağıla, hansı məntiqə sığır? "Qəm qəm gətirər" deyiblər. Düz də deyiblər. Yası uzatmaq növbəti yasa hazırlaşmaq deməkdir. Peyğəmbər buyurur ki, ölünün ruhu, ona ağlayanlar sakit olana qədər narahat olur”.


Tural İrfan açıqlamasında bəzi məclisləri saxtakarlıq adlandırıb.

“Süni şəkildə ağlaşma məclisləri təşkil edirlər. Bu da saxtakarlıqdır. Kimin ürəyindən gələrsə, kövrələrsə bu başqadır. Yoxsa mərsiyyə və hay-həşir salmaqla başqalarını da ağlatmağa cəhd etmək dinimizə müxalifdir. Kim İslama etiqad edirsə bilsin ki, İslamda 3 gündən artıq yas saxlamaq dinin əleyhinədir. İndiyə qədər formalaşan ənənə yanlış adətdir, mövhumatdır. Haramlardan ölüyə görə yox, Allaha görə çəkinmək lazımdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin