Bir neçə gündür Bakının Nəsimi və Nərimanov rayonlarında içməli su təminatında ciddi problemlər yaranıb. Problem Nəsimi rayonunun “Kubinka” adlanan ərazisində daha çox özünü büruzə verir. Belə ki, “Kubinka”da 8 sentyabr axşam saatlarından etibarən suyun verilişi dayandırılıb.
Yalnız dünən axşam saatlarında suyun verilişi bərpa olunub. Ancaq təzyiqin həddən artıq aşağı olması səbəbindən sakinlər yenə də su sarıdan əziyyət çəkirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə fasilənin müvəqqəti olduğunu açıqlasa da, qurum əhaliyə problemin səbəbləri barədə dolğun məlumat vermir.
“Vaxtında işlər görülmədiyi üçün…”
Məsələ ilə bağlı Milli Məclisin 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən seçilmiş deputatı Asim Mollazadə Bizim.Media ilə fikirlərini bölüşüb. Millət vəkili bildirib ki, yaranmış vəziyyət vaxtında görülməyən işlərin nəticəsidir:
“Vaxtında təmir işləri aparılmadığı üçün indi əhali ciddi çətinliklərlə üz-üzə qalır. Bu, dövlət qurumlarının üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməməsindən irəli gəlir. Çox təəssüf ki, məmurlarımız məsuliyyətli davranmır”, - deyə millət vəkili bildirib.
Deputat əlavə edib ki, bu cür hadisələr vətəndaşların narazılığına səbəb olur:
“Bakı kimi böyük şəhərdə insanları belə ağır vəziyyətə salmaq olmaz. İşləri vaxtında görmək lazımdır ki, sakinlər zərər çəkməsin. Təəssüf hissi ilə qeyd edirəm ki, hazırkı vəziyyət əhalini incidib”.
Aygün Hüseyn, Bizim.Media