“Düşünürəm ki, cəzaçəkmə müəssisələrində kitab aksiyalarını davam etdirmək lazımdır”
Bunu Moderator.az-a açıqlamasında vəkil Bəhruz Bayramov cəzaçəkmə müəssisələrində təşkil olunan kitab aksilarından danışarkən deyib. B.Bayramov bildirib ki, mütaliə məhkumların vaxtlarını səmərəli keçirməsinə, onların savadlanmasına fayda verəcək:
“Ümumiyyətlə, hesab edirəm ki, məhkumların maariflənməsi, vaxtlarının səmərəli keçirilməsi, savadlarının artırılması baxımından onlara kitab paylanması çox vacib məsələdir və bunu təqdirəlayiq hal kimi qiymətləndirirəm. Çünki bu gün kriminal aləmin təbliğatı gedir və bura meyl edib, təsirə düşənlər olur. Amma məhkumlara kitabların paylanılması nəticəsində onlar mütaliələrini artırırlar və bu müsbət haldır. Düşünürəm ki, bunu davam etdirmək lazımdır. Onlar bu vaxt ərzində dil öyrənə bilirlər, əsərlər oxuyub gələcək həyatları üçün nəticə çıxarırlar. Məhkumlar kitab oxumaqla cinayət hadisələrindən uzaqlaşıb, etdikləri səhvlərdən nəticə çıxaracaqlar. Bununla yanaşı, mütaliənin məhkumların cəmiyyətə adaptasiya olunmasında böyük rolu var”.xa0
Qeyd edək ki, 6 saylı cəzaçəkmə müəssisində “məhkumlara kitab payı” aksiyasında 500-dən çox kitab hədiyyə edilib.xa0
Vasif Əlihüseyn

































































































