Maaşını ala bilmədiyini deyən işçiyə cavab - “Dərslərdə telefonla oynayırdı”

Hazırda oxunan: Maaşını ala bilmədiyini deyən işçiyə cavab - “Dərslərdə telefonla oynayırdı”

269364

“Bir müddət CDC Klinik Uşaq İnkişaf Mərkəzində çalışmışam. İşlədiyim müddətdə əmək müqaviləsi bağlanmayıb və məcburi şəkildə müqaviləsiz işlədilmişəm. İndi də maaşımı ala bilmirəm”.

Bizim.Media xəbər verir ki, bu barədə vətəndaş İsmət Əkbərov “qafqazinfo.az”a müraciət edib.

O iddia edir ki, artıq 2-3 aydır maaşını ala bilmir: 

“Mərkəzin sosial platformalarında mənim fəaliyyətimlə bağlı çəkilişlər sonradan silinib. Halbuki əlimdə orada uşaqlara dərs keçməyimlə bağlı materiallar mövcuddur. Mənim maaşım ödənilməyib. Amma uşaqların mənim adıma dərsə cəlb olunması və ödənişlərin toplanması faktları var. Artıq 2-3 aydır əməkhaqqımı ala bilmirəm. Bu müddət ərzində 1270 manat məbləğində maaşım ödənilməyib. Qeyd edim ki, bu hal tək mənimlə bağlı deyil. Digər həmkarımın da maaşı ödənilmir”.

İddialarla bağlı CDC Klinik Uşaq İnkişaf Mərkəzinin direktoru Ümidə Kəngərli bildirdi ki, İ.Əkbərov sınaq müddəti keçib: 

“Biz onu rəsmi olaraq işə götürəcəkdik. Sınaq müddətində İsmət bəy tərəfindən bəzi problemlər yarandı. İş saatı 10:00-dan 16:00-a kimidir, ancaq o, hər dəfə müxtəlif bəhanələr edərək tez-tez işdən qalırdı. Ona xəbərdarlıq etdiyimiz halda dərslərdə telefonla oynayır, uşaqlara laqeyd yanaşırdı. Bizim sahəmiz autizmli uşaqlarla bağlı olduğuna görə ikiqat məsuliyyətli olmalıyıq. İsmət bəydə məsuliyyət və ehtiyat yox idi. Sınaq müddətində olmasına baxmayaraq, ona maaş da verirdik. Ödənişlər şəxsi kartına gedirdi. Daxildə nizam-intizam qaydalarına uymadığına və birbaşa mərkəzin təhlükəsizlik kamerasına müdaxilə etdiyinə görə mən ona məlumat verdim ki, “işdən azadsınız və özünüzü doğrultmadığınız üçün rəsmi tərəfinə artıq keçilməyəcəksiniz”. 

Ümidə Kəngərli deyir ki, müəllim işinə laqeyd yanaşdığına görə bir çox valideyn də şikayətçi olub: 

“2-3 ay maaşının verilməməsi ilə bağlı iddiaları isə absurddur. Bizdə 2 ay işləyib və bu müddət ərzində maaşı vaxtlı-vaxtında verilib. Hətta İsmət bəy bizdən xahiş etmişdi ki, külli miqdarda borcu olduğuna görə maaş ayın 1-i verilsin. Maaş bir gün gecikəndə yazırdı ki, “sən mənim maaşımı verməmisən, mən işə gəlmirəm”. Bu səbəbdən dərslər yarımçıq qalırdı və valideynlər bundan narazı idilər. Maaşının hər ay verilməsini sübut edəcək qəbzlər də var. Hazırda etdikləri isə qərəzli şəkildə atılan addımlardır. Onun həyat yoldaşı da bizdə işləyirdi, işindən çox razı idim. Lakin İsmət bəyin qərəzli davranışlarına görə xanımı da işdən çıxarmaq məcburiyyətində qaldım. Bu, xanım tərəfindən də normal qarşılandı”. 

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirildi ki, vətəndaşın müraciəti ilə bağlı hal artıq nəzarətə götürülüb və araşdırma aparılır: 

“İşəgötürən tərəfindən işçinin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi əmək qanunvericiliyinin pozulması halı hesab olunur və qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir. 
 

Əmək münasibətlərinin rəsmiləşdirilməsi həm işçilərin hüquqlarının təminatı, həm də işəgötürənlərin hüquqi risklərinin azaldılması baxımından vacibdir. Əmək hüquqları pozulan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi formada müraciət edə bilərlər.


Xidmət müraciətlərə “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən baxır. Əmək hüquqları pozulan şəxslər Xidmətə elektron qaydada ([email protected] , sosial şəbəkələr vasitəsilə və ya poçtla (Bakı şəhəri, Sevlana Məmmədova 107) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142”  Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Bütün müraciətlər operativ cavablandırılır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin