TƏBİB-in həkimlərə xəstə olduğu halda xəstəlik kağızının verilməsi ilə bağlı qadağa qoyduğu haqqında iddialar yayılıb. Bununla bağlı bəzi həkimlər sosial şəbəkə hesablarında öz iradlarını paylaşıblar. Onların bildirdiyinə görə, TƏBİB-dən göstəriş verilib ki, həkimlərə imkan olduqca az xəstəlik vərəqəsi verilsin.
Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, kağızlar normativ qaydalara uyğun şəkildə və fasiləsiz olaraq təqdim edilir:
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, cari ilin 1 may tarixindən etibarən “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə elektron sənəd formasında təqdim olunur.
Sözügedən vərəqələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən elektron imza ilə təsdiqlənərək elektron qaydada müvafiq sistemə ötürülür.
Hazırda “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” TƏBİB-in tabeliyindəki tibb müəssisələri tərəfindən qüvvədə olan normativ qaydalara uyğun şəkildə və fasiləsiz olaraq təqdim edilir”.
TƏBİB məsələni inkar etsə də, həkimlər xəstə olduqları hallarda belə bu kağızı almaqda çətinlik çəkdiklərini bildirirlər. Onlar bu kimi durumlarda öz xəstələrini yoluxdurmaq risklərinin də yüksək olduğunu qeyd edirlər.
Naibə Məmmədova, Bizim.Media