Psixoloji dəstəyin yeni ÜNVANI - ChatGPT psixoloqların pasiyentlərini “ələ” alıb?

Hazırda oxunan: Psixoloji dəstəyin yeni ÜNVANI - ChatGPT psixoloqların pasiyentlərini “ələ” alıb?

268876

Günümüzdə süni intellekt yalnız texnoloji alət deyil, həm də insanlara mənəvi dəstək göstərən vasitədir. Xüsusilə psixoloji yardım sahəsində insanlar artıq etiraf edirlər ki, ChatGPT ilə söhbətlərdən sonra özlərini daha rahat hiss edir, bəzən hətta psixoloqa müraciətə ehtiyac duymadıqlarını düşünürlər. Bu isə vacib bir sualı gündəmə gətirir:

Süni intellektin geniş istifadəsi psixoloqların pasiyent axınına necə təsir edib? Əgər insanlar öz emosional durumunu “rəqəmsal psixoloq”la tarazlayırsa, real terapevtik proseslərə ehtiyac varmı?
 

MÖVZU İLƏ BAĞLI

Azərbaycanın süni intellekt bazarında ChatGPT niyə liderdir? – Təəccüblü SƏBƏB


Tanınmış psixoloq Vəfa Əkbər Bizim.Media-ya bildirdi ki, süni intellekt aləti gündəlik emosional  yüklənmələrdən boşalmaq yaxud hansısa mövzuda məlumat toplamaq, bəzən də sadəcə söhbətləşmək üçün psixoloji terapiyanı qismən əvəz edə bilər. Lakin bu, real və uzunmüddətli psixoloji müalicə almaq istəyənlərin sayına təsir etməyib:

Süni intellekt sadəcə bələdçi rolunu oynayır

“Hətta müraciət edənlərin sayında artım müşahidə olunur. Belə ki, məhz bu platforma yolu ilə insanlar ilkin rahatlığı tapırlar. Amma dərinə getdikcə, başa düşürlər ki, artıq peşəkar yardım lazımdır. Çünki süni intellekt sadəcə bələdçi rolunu oynayır: diaqnoz qoymur, dərin travmalarla işləyə bilmir, digər psixoloji terapiya metodlarını tədqiq etmir. Deyərdim ki, bəzi insanlar bu platformadan psixoloqa hazırlaşmaq üçün istifadə edirlər. Bu bir keçid mərhələsi kimidir. Başqa sözlə ChatGPT psixoloqa gedən yolu qısalda bilər, amma onu əvəz edə bilməz”.

V.Əkbər həmçinin vurğuladı ki, insanlar psixoloqdansa ChatGPT ilə kifayətlənirsə demək, özlərini dərindən analiz etməyiblər, problemlərinin dərininə getməyiblər. Çünki problemin dərin kökünü bilmək istəyən insan mütləq şəkildə psixoloqa müraciət edir.

Süni intellekt daha çox neqativ cavablar verir

Psixoloq Tarıyel Faziloğlu də təsdiqlədi ki, son zamanlar ChatGPT-dən həkim və psixoloq kimi istifadə yayğınlaşıb.

Amma insanlar aparılan bu söhbətlərdən nəticə çıxara bimirlər deyə real psixoloji kurslardan istifadə edirlər:
 

“Ciddi azalma müşahidə olunmur. Çünki psixoloji xidmət daha çox emosional problemlərlə əlaqədardır. Süni intellekt isə rasional düşüncəyə bağlıdır deyə daha çox neqativ yönlü cavablar verir. Ona görə də istənilən nəticəni ala bilməyən pasiyent yenə də real psixoloqa üz tutmalı olur”.  


Psixoloqun fikrincə bu populist maraq bir müddət sonra sönəcək və insanlar yenə də ənənəvi üsula qayıdacaqlar.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin