İstifadə edənlər artdı, qəzalar da çoxaldı... – Skuter və velosipedlərin təşviqi özünü DOĞRULTDUMU?

Hazırda oxunan: İstifadə edənlər artdı, qəzalar da çoxaldı... – Skuter və velosipedlərin təşviqi özünü DOĞRULTDUMU?

268713

Son zamanlar paytaxt küçələrində velosiped və skuterlərlə qəza halları çoxalıb. Təsadüfi deyil ki, bu günlərdə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən velosiped idarə edənlərə müraciət edib.

Müraciətdə deyilir ki, ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin artması sevindirici haldır:

“Lakin unudulmamalıdır ki, velosipedçilər də yol hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən edilmiş qaydalara əməl etməyə borcludurlar”.

Bu cür xoşagəlməz halların artması müəyyən sualların yaranmasına səbəb olub:

Velosiped və skuterlərin təşviqi özünü doğrultdumu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, skuter və velosiped sürənlərin yol hərəkəti qaydalarına əməl etmələri vacibdir:
 

“Yolun əks istiqamətinə velosiped və yaxud skuterlə gedənlərə tez-tez rat gəlirik. Yolu haradan gəldi keçirlər. Sən velosiped və yaxud skuter sürürsən deyə yolu istədiyin yerdən keçə bilməzsən. Məsələn, piyada keçidində skuteri sürə-sürə keçmək olmaz. Düşüb, piyada keçmək lazımdır. Səkilərdə velosiped, skuter sürmək qadağandır. Hər bir hərəkət iştirakçısının öz zolağı var.


Velosipedin, skuterin çəkisi və sürəti fərqlidir. Təsadüfi deyil ki, sürət həddi gözlənilmədiyi üçün tez-tez qəzalar baş verir. Bu mənada DYP-nin son müraciətini alqışlayıram. Hər bir yol hərəkəti iştirakçısı öz hüququnu və vəzifəsini bilməli, ona əməl etməlidir”.

Müsahibimiz skuter və velosipedin təşviqindən də danışıb:

“Bu kampaniyanın müsbət nəticələri çoxdur. Şəxsən mən də velosipeddən və skuterdən istifadə edirəm. Fenomenlərin də bu minik vasitələrindən istifadə etməsinin şahidi olmuşam. Bu minik vasitələrindən istifadə həm fiziki, həm maddi, həm də vaxt baxımından çox sərfəlidir.

Təsəvvür edin, avtomobillər uzanıb gedən tıxacda qalıb, sən isə onların yanından şütüyüb keçirsən və mənzil başına vaxtında çatırsan. Təbii ki, bu zaman bir hərəkət iştirakçısı olaraq qaydalara ciddi riayət etməlisən. Əks-təqdirdə arzuolunmayan vəziyyətlə üzləşə bilərsən”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin