Sərnişinləri tez-tez yarı yolda qoyan 107 nömrəli avtobus nə vaxt YENİLƏNƏCƏK? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Sərnişinləri tez-tez yarı yolda qoyan 107 nömrəli avtobus nə vaxt YENİLƏNƏCƏK? – Rəsmi AÇIQLAMA

268706

Hər gün yüzlərlə sərnişin daşıyan avtobusların bir qismi hələ də köhnə və istismara yararsız vəziyyətdədir. Texniki göstəriciləri tələblərə cavab verməyən bu nəqliyyat vasitələri həm sərnişinlərin təhlükəsizliyi, həm də şəhər nəqliyyatının ümumi keyfiyyəti baxımından ciddi narahatlıq doğurur. Bu dəfə redaksiyamıza 107 nömrəli marşrutla bağlı  şikayət daxil olub.

Sərnişinlərin bildirdiyinə görə, avtobus köhnədir, tez-tez nasazlıq yaranır, buna görə də dəfələrlə yolda qalmalı olur.  

Bəs belə problemlər olduğu halda  avtobuslar niyə yenilənmir?

107 nömrəli marşrutun məxsus olduğu “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki,  sözügedən avtobusların yenilənməsi nəzərdə tutulub.

“Artıq yeni avtobuslar sifariş edilib. İlin sonu və ya növbəti ilin əvvəli avtobuslar yenilənəcək. O yol  üzrə 16 avtobus var, sentyabrın 15-nə kimi say artırılaraq 18 olacaq”.

Bizim.Media mövzuyla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də sorğu ünvanlayıb.

Agentlikdən bildirilib ki, qeyd olunan marşrut xətti üzrə xidmət keyfiyyəti artırılacaq.

“AYNA tərəfindən avtobus parkının yenilənməsi istiqamətində tədbirlər görülür. Daşıyıcılara parkların yenilənməsi barədə tapşırıqlar verilir. Eyni zamanda, marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır.
 

Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. 2025-ci ilin əvvəlindən paytaxt marşrutlarına 50-yə yaxın yeni avtobus gətirilərək istismara verilib. Bu yaxınlarda nəqliyyat şirkətləri tərəfindən Bakıya ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək. Hazırda Bakıda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur.


Görülən işlər çərçivəsində qeyd edilən xətt üzrə də keyfiyyətin artırılması nəzərdə tutulub”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin