Ekspertlər hesab edirlər ki, yolların genişləndirilməsi tıxac problemini köklü şəkildə həll etmir.
Əsas diqqət ictimai nəqliyyatın inkişafına yönəldilməlidir. Bu baxımdan ən çox yüklənən yollardan birinin alternativ nəqliyyatı sayılan Bakı-Sumqayıt istiqamətində qatarların sayının artırılması xüsusi əhəmiyyət daşıyır.
Bəs, qatarların sayı arıtırlacaq?
“Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sərnişin sıxlığının azaldılması üçün bu il 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qrafik optimallaşdırılıb. Nəticədə iş günlərində reyslərin sayı 66-dan 92-yə çatdırılıb:
“Xüsusilə Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqamətində reyslərin sayı 24-dən 36-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə isə 42-dən 56-ya qədər artırılıb. Bununla da günorta saatlarında qatarlararası interval azaldılıb”.
QSC-dən əlavə edilib ki, hazırda Bakı-Keşlə sahəsində aparılan əsaslı təmir işlərinə görə bəzi reyslərin sayında müvəqqəti azalma müşahidə olunur:
“Lakin yeni tədris mövsümü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq qatarlar yeni qrafiklə hərəkət edəcək. Bu barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə bildirilib.
Aygün Hüseyn, Bizim.Media