Balakəndə qurd XAOSU – Amerika ağ kəpənəyi evlərə və təsərrüfatlara DOLUR – FOTO

Hazırda oxunan: Balakəndə qurd XAOSU – Amerika ağ kəpənəyi evlərə və təsərrüfatlara DOLUR – FOTO

268361

Avqust ayından başlayaraq Balakən və Zaqatala rayonlarının meşəlik ərazilərində karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə təsadüf edilməyə başlanılıb. Sakinlərin sözlərinə görə tırtıllı qurda bənzər bu kəpənəklər təsərrüfatlara yaxınlıqdakı meşəliklərdən yayılıb və hər gün sayları artmaqdadır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tırtıllı qurdlar bağ və təsərrüfatlarla yanaşı həm də evlərə hücum çəkir, qışlamaq üçün yer seçirlər.

Son üç ildə Şimal-Qərb bölgəsində, xüsusən də Balakən və Zaqatala rayonlarında qəhvəyi mərmər bağacığı deyilən böcək aqrar sektora ciddi ziyan vururdu.

Bu ilin avqustundan etibarən isə başqa bir böcək, özünü qurd formasında göstərən, Amerika ağ kəpənəyi adlanan tırtıllı qurdlar peyda olub ki, rayonun əksər təsərrüfatlarına yayılıb. İstər fındıq bağları, istər ipəkçilik , bostan-tərəvəz məhsullarına zərər vurur. Bununla yanaşı, tırtıllı qurdlar binalara çəkilir və burada özləri üçün qışlama yeri hazırlayırlar. Bu isə o deməkdir ki, yaxın vaxtlarda yumurta buraxaraq sayları bir neçə dəfə artacaq.


Sakinlərin və mütəxəssislərin sözlərinə görə ağ kəpənəklər rayon ərazisindəki meşəliklərdən yayıldığından bununla əlaqədar artıq iki həftədir profilaktik tədbirlər görülür. Qurdların məhv edilməsi məqsədi ilə bağlara, meşəlik ərazilərə tüstüləmə üsulu həmçinin dərmanlama yolu ilə tədbirlər görülür.

Kortala kənd sakini Arif Havlayev ağ kəpənəyin neçə peyda olmasından bəhs edərkən bildirib ki, ötən ildən çox az sayda peyda olub. Sakinlər o qədər də fərqinə varmayıblar. Demə ötən il onlar yaxşıca yumurta qoyaraq saylarını artırıb.


Digər kənd sakini Azər Kərimov isə belə qənaətə gəlib ki, bu qurdlar əvvəlki illər mövcud olan qəhvəyi mərmər bağacığının süfrələrindən peyda olub:


“Tək bizim kəndimiz deyil, rayonun bəzi əraziləri, əsasən meşəliklər bu Amerika kəpənəyinin fəsadlarının qurbanı olub. Bağlarımızı, bostanlarımızı, bu böcək öz təsiri altına alıb, ağacların yarpaq və digər məhsullarını yeməklə getdikcə artır. Böyük ehtimalla ağacların məhvı gedir”.

Balakənin üç ən iri yaşayış məntəqələrini birləşdirən Kortala bələdiyyəsinin sədri Elşad Balayev görülən tədbirlərə, qabaqlayıcı dərmanlamaya baxmayaraq  zərərvericinin sayının hər gün artdığını deyir.


Aqrar Xidmətlər Agentliyinin Balakən Regional Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Turac Səfərli bildirir ki, Balakən və Zaqatala rayonlarında meşə fondu ərazilərində Amerika ağ kəpənəyinə qarşı aparılan mübarizə tədbirlərinə dəstək göstərilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında Agentlik tərəfindən müvafiq dərman preparatları ayrılıb, texniki vasitələr səfərbər olunaraq mübarizə tədbirlərinə cəlb olunub.

Həmçinin monitorinqlərə və mübarizə tədbirlərinə Agentliyin yerli mütəxəssisləri cəlb edilib.

Bildirildi ki, zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Onun yayılmasının qarşısını almaq üçün karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə tətbiqi zəruridir.


















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin