Bakı şəhərində yaşayış binalarının eyvanlarından paltar asmaq məsələsi uzun illərdir müzakirə mövzusudur. Son illərdə paytaxtda keçirilən beynəlxalq tədbirlər, turistlərin axını baxımından bu məsələyə daha ciddi yanaşılır.
Paytaxtın mərkəzi küçələrində eyvanlardan paltarlarını asıb qurudanlara rast gəlinmir. Hesab edilir ki, eyvanlardan asılan paltarlar müasir şəhər obrazına uyğun gəlmir. Qurudulmaq məqsədilə sərgilənən geyimlər şəhərin vizual görünüşünə mənfi təsir edir. Həmçinin, küçələrdəki toz və qaz qarışıqlarının paltarları çirkləndiyi qeyd edilib.
Bəs qanunvericilik nə deyir?
Bizim.Media bununla bağlı bəzi qanun və qərarları araşdırıb.
Bir neçə il öncə paytaxtın bəzi rayonlarında eyvandan paltar asmaq qadağan olunub. Bakı Şəhər İcra Hakimiyyətinin qərarlarına əsasən, paytaxtın mərkəzi küçələrində, xüsusilə də Nizami, Füzuli, Neftçilər prospekti və digər turistik zonalarda eyvanlardan paltar asmaq yığışdırılıb.
2018-ci ildə Nərimanov İcra Hakimiyyəti rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb edib. Bu tələb daha çox mərkəzi prospektlərdə yerləşən binaların sakinlərinə aiddir.
2019-cu ildə isə Bakı Şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə müraciət edib. Paytaxt sakinlərindən xahiş olunub ki, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar.
Bundan başqa, Sumqayıtın da mərkəzi küçələrində yerləşən binaların eyvanlarından qurutmaq məqsədilə paltar asmaq qadağan olunub.
Ümumilikdə isə bununla bağlı hər hansı şəhəri əhatə edən qərar mövcud deyil. Buna baxmayaraq paytaxtın mərkəzi küçələrində zivələrdən asılan paltarları görmək mümkün deyil.
Günay Şahmar, Bizim.Media