Uşaqlar arasında QƏFİL ÖLÜMLƏR – “Araşdırmadan dəfn edirlər” – SENSASİON AÇIQLAMA

Hazırda oxunan: Uşaqlar arasında QƏFİL ÖLÜMLƏR – “Araşdırmadan dəfn edirlər” – SENSASİON AÇIQLAMA

267338

Son zamanlar uşaqlar arasında ürək çatışmazlığı səbəbindən ölüm hallarının artdığına dair mətbuatda faktlar öz əksini tapır. Mütəxəssislər bu vəziyyətin valideynlər üçün ciddi xəbərdarlıq olduğunu bildirirlər.

Bizim.Media-ya açıqlamasında həkim Şahvələd Məmmədov uşaqlarda ürək çatışmazlığının əsas səbəblərindən danışıb. O, deyib ki, buna səbəb son illər doğuşların böyük əksəriyyətinin qeysəriyyə əməliyyatı ilə həyata keçirilməsidir:
 

“Bu da müəyyən hallarda uşaqlarda anadangəlmə qüsurların, o cümlədən ürək problemlərinin yaranmasına gətirib çıxarır. Belə uşaqlarda ilkin simptom kimi ağız, burun və dodaq üçbucağında göyərmə, təngnəfəslik və boğulma halları müşahidə oluna bilər.


Bu əlamətlər ortaya çıxarsa, valideynlər mütləq həkimə müraciət etməlidirlər. Bəzi qüsurlar, məsələn, oval dəliyin açıq qalması çox vaxt təhlükə yaratmır və müəyyən yaş dövründə öz-özünə bağlanır. Lakin digər anadangəlmə ürək qüsurları ciddi risk daşıya bilər və diqqətdən kənarda qalmamalıdır,”  - deyə o bildirib.

Mövzu ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla isə qəfil uşaq ölümlərinin araşdırılmasının vacibliyini vurğulayıb:
 

“Qəfil ölüm hallarının artması çox ciddi məsələdir. Təəssüf ki, xüsusilə rayonlarda bəzi uşaqlar qəfildən dünyasını dəyişəndə, səbəbi araşdırılmadan birbaşa dəfn olunurlar.


Bu da dəqiq diaqnozun qoyulmasına mane olur. Biz insanlara başa sala bilmirik ki, belə hallarda səbəbin mütləq öyrənilməsi vacibdir. Əks halda hadisələr ört-basdır edilir. Əgər söhbət ürək çatışmazlığından gedirsə, bunun iki əsas səbəbi ola bilər: anadangəlmə qüsurlar və sonradan yaranan ürək problemləri. Hər iki hal diqqətlə araşdırılmalıdır,” - deyə ekspert qeyd edib.

Mütəxəssislər valideynlərə xəbərdarlıq edirlər ki, uşaqlarda qəfil yorğunluq, nəfəs darlığı, tez-tez göyərmə və huşunu itirmə halları müşahidə olunarsa, vaxt itirmədən kardioloqa müraciət etsinlər.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin