Saxta linzaları necə AYIRD EDƏK?

Hazırda oxunan: Saxta linzaları necə AYIRD EDƏK?

267329

Linzalar istifadə sahəsinə görə optik və kosmetik linzalara bölünür. Optik linzalar həkim resepti ilə yazılır və göz problemlərini aradan qaldırmaq üçün istifadə olunur.

Kosmetik, yəni rəngli linzalar isə sadəcə gözün rəngini dəyişməyə xidmət edir. Lakin optik linzaların da rəngliləri mövcuddur.

Linzalar gündəlik, aylıq və uzun müddətli istifadə üçün nəzərdə tutulub.

Ölkəmizdə son zamanlar göz rəngini dəyişmək üçün linzalardan istifadə edənlərin sayı artıb. Bu linzalar həm apteklərdə, həm də adi mağazalarda satılır.

Bəs linza seçərkən nələrə diqqət etmək lazımdır?

Oftalmoloq Kəmalə Mustafayeva mövzu ilə bağlı Bizim.Media-ya danışarkən bildirib ki, öncə istehsalçı və brendə fikir vermək lazımdır:
 

“Belə ki, yalnız tanınmış beynəlxalq markalar seçilməlidir. Həmçinin, qablaşdırmada istehsalçı ölkə, istehsal tarixi və son istifadə tarixi aydın göstərilməlidir. Bununla yanaşı, keyfiyyətli linza seçərkən qablaşdırma və steril olmasına da diqqət etmək önəmlidir.


Belə ki, qutu zədələnməməlidir. Qab sıx bağlanmalı, içərisindəki məhlul şəffav olmalı, bulanıq və ya çöküntülü olmamalıdır. Qutuda azərbaycan dilində rəsmi etiket və ya təlimat yazılmalıdır.

İdxalçı və distribüter şirkətin adı, əlaqə nömrəsi və ünvanı göstərilməlidir”.

Həkimin sözlərinə görə, bazar qiymətindən çox aşağı satılan linzaların saxta və keyfiyyətsiz olma ehtimalı çoxdur:
 

“Linza alarkən mütləq qiymətə də fikir vermək lazımdır. Belə ki, tanınmış markaların linzaları çox ucuz satılmır. Yalnız lisenziyalı apteklərdən və ya optika mağazalarından keyfiyyətli linzalar alınması məsləhətdir. Onlayn sifariş zamanı da bunlara fikir vermək önəmlidir.


Linza alan zaman uyğunluq sertifikasiyası və ya keyfiyyət sənədini istəmək olar. Linzaları istifadə edərkən öncə əlləri sabunla yaxşı yuyub qurutmaq lazımdır. Linza gündəlik deyilsə, yeni məhlulla təkrar yaxalanmalıdır. Taxmazdan əvvəl linzanın daxili və xarici tərəfinin düzgün olub olmadığını da mütləq şəkildə yoxlamaq lazımdır. Əgər həkimin tövsiyəsi yoxdursa, linzanı qəti şəkildə gecələr gözdə saxlamq olmaz. İstifadə müddəti bitdikdən sonra linzalar mütləq atılmalıdır”.

Bəs linzaların keyfiyyətinə, saxta olmamasına hansı qurum və necə nəzarət edir?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, optik eynəklər və optik şüşələr müvafiq qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmayan məhsullar sırasına daxildir:
 

“Sərhəd-keçid məntəqələrindən ölkəyə daxil olarkən gömrük orqanları bu məhsullara baxış keçirir. Əgər həmin məhsullar tibbi vasitə kimi qiymətləndirilsə və uyğun gömrük kodu ilə rəsmiləşdirilsə, idxalına mövcud normativ hüquqi aktlara uyğun şəkildə icazə verilir.


AEM-ə belə məhsulların idxalı ilə bağlı müraciət daxil olduqda gömrük kodlarına əsasən, müvafiq rəy hazırlanır və bu zaman məhsulun keyfiyyətinə nəzarət də həyata keçirilir”.

Qurumdan vətəndaşlara tövsiyə edilib ki, vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı “Bir pəncərə” sektoru, Qaynar xətt: (012 596 05 20) və e-poçt ( [email protected]) və  rəsmi sayta (www.pharma.az) müraciət ünvanlaya bilərlər:

“Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin