Sabah "Bakı Metropoliteni" QSC “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Bizim.Media-ya səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.
Bakı metrosunun müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.
Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.
Həmçinin qeyd edək ki, qarşılaşma əlavə vaxtla davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün Bakı metropoliteninin iş saatının uzadılması planlaşdırılıb.
"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Bizim.Media