Bakıda yeni metro stansiyasının təmir işləri davam edir. Şərti adı “B-04” olan layihə çərçivəsində stansiyanın strukturu, tunellərin birləşdirilməsi və digər texniki işlər sürətlə aparılır.
Bəs yeni stansiyada işlər nə yerdədir və stansiyanın açılışı nə zaman baş tutacaq?
Bizim.Media-nın məlumatına görə, məsələ ilə bağlı "Bakı metropoliteni QSC"dən News24.az-a bildirildi ki, yeni stansiyanın tikintisi sürətlə davam edir:
"Xəttin layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir.
Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər görülür. İnşaat işlərinin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur".
Qeyd edək ki, "B-04" Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşəcək. İnşaat işlərinin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bizim.Media