Cəlilabadda qaynı tərəfindən zorlandığı deyilən 17 yaşlı itkin düşən Gülyanə Mirzəyevadan hələ xəbər yoxdur. Təcavüzə məruz qaldığı iddia edilən gəlinin hara yoxa çıxdığı, kimin evinə sığındığı məlum deyil.
Bizim.Media-ya bu barədə danışan Cəlilabad rayonunun Uzuntəpə kənd bələdiyyəsinin sədri Əlisağa Mirzəyev Gülyanə Mirzəyevanın axtarışlarının normal getmədiyindən, ümumiyyətlə məlum olayın tam olaraq açılmamasından şikayətlənib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda DƏHŞƏT: 17 yaşlı gəlinin əri impotent çıxdı, qaynı zorladı
“Nəsə rayon polis şöbəsi qızı yaxşı axtarmır. Hər iki ailədən yalandan izahatlar alınıb buraxılır. Sanki olayın açılmasına maraq yoxdur. Qızın ailəsi isə gözə görünmür, insanlarla rastlaşmaqdan qaçırlar. Kirayə qaldıqları evdə də onları tapmaq mümkün deyil. Qızı ortaya gətirmirlər. İşin içi nədir bilinmir. Adam itib axı...Bəlkə qıza xəsarət edilib, ya heç həyatda yoxdur? Düzdür, bu ehtimal çox azdır. Amma bütün hallarda canlı şahid qızın özüdür və ortalığa çıxmalıdır”.
Əlisağa Mirzəyevin sözlərinə görə iyrənc olayın üstünün açılmasına görə də heç kim məsuliyyətə cəlb olunmur:
“Hamı gəlib soruşur, mən də təngə gəlmişəm. Xoşagəlməz hadisədir və bunun cəmiyyətə tərbiyəvi tərəfi var. İstər, istəməz gəncləri belə olaylar pozur. Cəzasız qalanda isə pis nəticələr verəcək. Qızın qardaşı o boyda ifadə verdi. Düzgün və ya yalan olması barədə niyə sıxışdırılmır, məsuliyyətə cəlb edilmir? Sıxışdırılsa, istər-istəməz həqiqətlər açılar. Fikrimcə, burada iki tərəfə də sərf edir ki, olay açılmasın. Nə qızın, nə də oğlanın ailələri Gülyanənin tapılmasında maraqlıdırlar. Bəlkə də qorxurlar ki, olayın üstü açılsa, qızın başına iş gələr. Nədirsə, özümüz də anlamırıq”.
Bələdiyyə sədri qızın bibisigildə olması ehtimalından da danışıb. O, deyib ki, qızın Bakıda qalan bibisi Gülyanəni özü tapacağını və heç kimə də verməyəcəyini açıqlayıb:
“Bibinin bu açıqlamasında da maraq var. Ola bilər ki, qız yanındadır. Üstəgəl tək qadındır, hər şey mümkündür. Əlbəttə mən qadın haqda heç nə deyə bilmərəm. Çünki gözümlə görməmişəm. Amma oğlan tərəfinin dediyinə görə Gülyanənin bibisi qəlibəsığmayan bir insandır”.
Xatırladaq ki, hadisə Cəlilabadın Uzuntəpə kəndində baş verib. Zərərçəkmiş şəxs 2004-cü il təvəllüdlü Şükürova Gülyanə Bəxtiyar qızıdır.
Rayonun Edişə kəndindən olan 17 yaşlı Gülyanə 3 ay əvvəl rayonun Uzuntəpə kəndində Mirzəyevlər ailəsinə gəlin köçüb. O, İbrahim Mirzəyevlə ailə qurub. İddialara görə həyat yoldaşı impotent olduğu üçün qıza qaynı Nicat Mirzəyev təcavüz edib. Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülyanə ailəsinə xəbər verəndən sonra yoxa çıxıb. Gəlin köçdüyü ailə isə onlara irəli sürülən iddiaların əsassız olduğunu və böhtan xarakteri daşıdığını deyib.
Hadisə rayon polis şöbəsi tərəfindən araşdırılır.
Alçina Amilqızı, Bizim.Media