Azərbaycanda nikah bağlanarkən tərəflərin qohum olmaması qanunla tələb olunan əsas şərtlərdən biridir. Ölkəmizdə gələcək nəsillərin sağlamlığının qorunması və anadangəlmə xəstəliklərin qarşısının alınması məqsədilə iyulun 1-dən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirilib. Bu səbəbdən nikah qeydiyyatı zamanı müəyyən sənədlərin təqdim edilməsi tələb olunur. Bəs hansə sənədlər mütləq vacibdir?
Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilmir:
“Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır.
Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir. Valideynlər doğum haqqında şəhadətnaməsini itirdiyi halda özləri (onlar öldükdə isə vərəsələri) seçdiyi yer üzrə qeydiyyat şöbəsinə müraciət etməklə təkrar şəhadətnamə (və ya arayış) əldə edə bilərlər”.
Nazirliyin açıqlamasında qeyd olunub ki, həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər təqdim oluna bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:00 / 15.08.2025
Nikah üçün valideynlərin sənədi tələb olunur?
Hazırda oxunan: Nikah üçün valideynlərin sənədi tələb olunur?
Hazırda oxunan: Nikah üçün valideynlərin sənədi tələb olunur?
265456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.