Ona müharibə dərdlərini, savaşı, barışı, intiqamları özü ilə gəzdirən adam deyərdim. Qarabağ savaşlarının hər “üzünü görüb”. Qismətdə onun kadrında Qarabağ savaşının zəfərini əbidləşdirmək də varmış.
II Qarabağ savaşından yenicə Bakıya dönən Rza Deqati ilə həmsöhbətik.
- Bu səfərinizdə Qarabağı necə gördünüz?
- Ağ və qara, sevinc və kədər, toy və hüzr necə müqayisə olunursa, 1992-ci ildə olan Qarabağla, indiki Qarabağ arasında fərqi elə gördüm. Torpaq olaraq Qarabağı şad, sevincək gördüm.
- Erməni vandalizminin şəkli necədir?
-Dağlımış qəbirlər, yannmış uçulmuş evlər, tarixi silinmiş məscidlər, məqbərələr. Əsas da Füzuli, Cəbrayıl, Qubadlı yolu ilə gedəndə bir ev görmədim ki, dağıdılmamış olsun. Füzuli Qubadlı yolunda iki məscid var idi. Birində donuz, digərində isə mal-qara saxlayıblar. Ermənin obrazını çəksən, dünyanın ən eybəcər portreti alınır.
- Qarabağ savaşlarında hansı kadr gözünüzün önündən getmir?
Biraz Düşünür.. Sanki, olub bitmişləri göz-önünə gətirir.
- 1992-ci il fevral ayı idi Xocalıdan hamı ayağı yalın, başı açıq Ağdama qaçmışdı. Kimi ölüsünü, kimi dirisini axtarırdı. Mən də milli qəhrəman Allahverdi Bağırovla bir yerdə idim. Hara gedirdisə, ora gedirdim. Bir qadın qollarını açıb üstümə elə qaçdı:
“Gəl, tapdım, tapdım balamı” –dedi. Ananın meyidini belə tapdığı balasına bu qədər də sevindiyini heç yerdə görməmişdim. Bu böyük DƏRD idi, sevinclə kədərin sintezi... Ermənilər insanların gözlərini çay qaşığı ilə diri-diri çıxardıb, sonra öldürmüşdülər. O ananın da oğluna elə işgəncəni vermişdilər.
Deyəsən boğazı qəhərlənir... Çayından bir qurtum alıb söhbətimizə qayıdır.
- Ən son gördüyüm kadrlardan biri isə əsrilərin dəyişilməsi idi. Allahverdi Bağırovla getdim. Bizimkilər erməni, onlarda azərbaycanlı əsirləri gətirdilər. Bizim əsirlər çox pis bir gündə idi. Yeriyə bilməyən kim, halsız olub yıxlan kim...
Bizmkilər isə erməniləri bəy balası kimi saxlamaışdılar. Həmin anı çəkdim və dünyaya göstərdim ki, fərqə baxsınlar.
Mən çəkilən bütün şəkilləri Qarabağla bağlı hərbi cinayət işi açılanda dəlil kimi hamısını təqdim edəcəm.
- Sizin yaradıcılığınızda qaçqın həyatı, müharibə mövzularına geniş yer verilir. Qarabağ savaşı ilə digər yerlərdə gördüyünüz müharibəni necə fərqləndirirsiniz?
- 1990-cı illərdə olan Qarabağ savaşında hərbi güc yox idi. Bir də əsgərlər təlimatlı deyildilər. Onda Ermənistan ordusu güclü idi. Onlara Rusiya və İran köməklik edirdi. İran əsgərləri bilirsiz neynirdilər? Azərbaycan ordusuna kömək adı ilə yaxınlaşıb bizim sirləri onlara ötürürdülər. Bu faktı mənə erməni əsilli Fransanın keçmiş səfiri danışırdı. Deyirdi ki, iranlılar ermənilərə, qaz, neft, yemək köməkləri ediblər. İndiki Qarabağ savaşında isə hər şey əksinə idi. Azərbaycan ordusunda gücü ilə yanaşı əsgərində ruh yüksəkliyi, cəsarət, inamı gördüm.
- Gələcəkdə Qarabağla bağı hansısa beynəlxalq foto-sərgi planlaşdırırsınızmı?
- Fərdi sərgilərimdə həmişə Qarabağda çəkdiyim fotolara yer vermişəm. Beynəlxaq sərgi üçün II Qarabağ savaşının fotolarını da yığıb bir sərgi təşkil edəcəm.
- Siz Qarabağ həqiqətlərini illərdir dünyada yayırsız, çəkdiyiniz şəkillərə Fransada və başqa ölkələrdə reaksiyalar necədir? Erməni toplumu bunu necə qarşılayır, Sizə hansısa təzyiqlər olurmu?
- Həmişə mane olublar, indi də olurlar. Sən güclü olanda artıq sənə təyziq edə bilmirlər. Bütün sərgilərimdə Azərbaycan, Qarabağ adı çəkmişəm. Ermənilər gəlib şəkillərimi cırıblar, hay - küy salıblar. Cırdıqları şəkilləri, olduğu kimi saxlayıb, nümayiş etdimişəm. Qoy dünya sərgidə belə vəhşiliklər edən millətin Qarabağda nələr etdiyini təsvir etsinlər. Həm informasiya meydanında, həm də hərbi cəbhədə döyüşürəm. Məsuliyyətim iki qat artıqdır. Həmişə özümə deyirəm ki, çəkdiyim fotolarla elə informasiya verməliyəm ki, dünya bu vəhşilikdən sirkələnsin, ədalət bərqərar olsun.
- Müharibədə yaşanılan ağrılarınızı unuda bilirsiniz?
- Çoxlu şeirlər oxuyuram. Şeir oxuyanda, qulaq asanda müharibədə yaşadığım stresslər canımdan çıxır. Düşünəndəki sənin şəkillərin dünyanın fikrlərini dəyişəcək, o stressi, ölümü yaşamağa dəyər. Elə olub ki, yaralanmışam, olub ki, ayaqqabımın içinə kimi qana batmışam. Həmişə əsgərdən öndə getmişəm. Amma mənim bir əqidməm var, çəkib göstərməliyəm. O yolda ölüm də olsa, mən getmişəm. İndi Qarabağ savaşı qələbə ilə başa çatdı. Təkcə Azərbaycan əsgəri deyil, mən də initqam aldım. İntiqam almağın ləzzəti başqadır. Mən də çəkdiyim şəkillərlə initqamımı alıram.
- Qarabağla bağlı daha hansı kadrları çəkmək istərdiniz?
Qarabağda çox ölüm-itim, partlayış çəkmişəm. İndi istərdim ki, Qarabağda ermənilərin yerlə-yeksan etdikləri bütün müəssisələri çəkim. Sonra əvvəlki və indiki şəkilləri yan-yana qoyum sərgi təşkil edim. Bir-iki günə Qarabağa yenə gedəcəm. Onda məhz o fotoları çəkəcəm. Bu dəfəki səfərimdə mütləq Şuşaya da gedəcəm. Bir də İstərdim ki, Qarabağda, Şuşada fotojurnalist kimi məktəb açam.
- Çəkdiyinin fotolar arasınnda göstərmədiyiniz kadrlar var?
- Var, elə fotolar. Vaxtı gələndə nümayiş etdirəcəm.
- Bəlkə bizə bir-ikisini deyəsiniz?
- Yox desəm, sirri qalmayacaq.
Çöldə yağış yağır. Söhbət bitən kimi özünü çölə atır.
- Yaxşı mənzərə var?
- Var!
Gülşanə Mustafayeva, Bizim.Media