Yeniyetmələrlə necə davranaq? – Valideynlərin diqqət yetirməli ən vacib MƏQAMLAR

Hazırda oxunan: Yeniyetmələrlə necə davranaq? – Valideynlərin diqqət yetirməli ən vacib MƏQAMLAR

26359

Cəmiyyətdə baş verən neqativ olaylar, gənc yaşda olan insanların öz canına qəsd etməsi əksər valideynlərin rahatlığını pozub. “Birdən hansısa qadağanı qoyaram, danlayaram, gedib xoşagəlməz bir iş tutar, canına qıyar” deyə qorxuya düşənlər də az deyil.

Yetkinlik yaşı, keçid dövrü kimi anlayışlar təlqin olunur cəmiyyətə, bu dövrlərdə uşaqlarla ehtiyyatla davranmalı olmaq barədə məsləhətlər verillir. Bəs doğru olanlar nədir? Yeniyetmə qız və oğlanlarla necə davranmalıyıq?
 

MÖVZU İLƏ BAĞLI:

İnternet uşaqlara hansı xəstəlikləri “bəxş” edib?  – DİQQƏTLƏ OXUYUN 


Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında valideynlərin diqqət yetirməli olduqları vacib məqamları bölüşüb:

“Yeniyetməlik dövrü problemli bir dövr demək deyil. Valideyn daha əvvəlki dövrdə uşağa “nə verirsə” (şəxsiyyətin formalaşması baxımından), yetkinlik dövründə də onu “alır”. Problem o zaman yaranır ki, valideyn öz “verdiyini” aldıqda onunla qane olmur. Tərbiyyə kərpiclə ev tikmək kimidir ki, yeniyetməlik dövründə də uşaqlıqda qoyulan kərpiclərin davamı qoyulur. Hər bir ailənin öz qanunları var və hər kəs ona əməl etməlidir. Hər bir şəxsin, o cümlədən də uşağın öz yaşına, tutduğu mövqeyə uyğun olaraq məsuliyyətləri olmalıdır”.

Psixoloq bildirir ki, valideynlər peşə seçimində də yeniyetmələri yönləndirməlidirlər:

“Amma ağacın budağı kimi onu elə əymək lazımdır ki, qırılmasın. Həmçinin bu seçim uşağın, ailənin, dövlətin mənafeyinə uyğun olmalıdır”.   

Fərqanə Mehmanqızı deyir ki, yetkinlik yaşında uşaqlara məhdudiyyətlərin qoyulmaması haqda fikirlərlə razı deyil:

“Əksinə uşağa “olmazlar” 2-3 yaşından qoyulmalıdır və mənimsədilməlidir ki, bunlar artıq yeniyetməlik dövründə uşaq üçün qanun formasını alsın. Belə olduqda yeniyetməlik dövrü də rahat keçir. Amma söyülən, döyülən uşaqlar adətən aqressiv yeniyetmə olurlar”.

Yeniyetmə və gənclərin ev işlərinə cəlb olunmasını vacib sayan psixoloq bildirir ki, bu məsələdə qız və oğlanlar arasında ayrı-seçkilik edilməməlidir:

“Ev işlərinin görülməsi təsəvvürə gəlməz dərəcədə uşaqların tərbiyyəsində rol oynayır – 3 yaşından uşağa tökdüyü oyuncaqları toplaması, yemək yediyi qabı mətbəxə qoyması, digər yaşlarda öz yerini yığıması, çıxartdığı paltarı qatlayıb qoyması aşılanmalıdır. Bu uşaqlarda iradə və məsuliyyət formalaşdırır, ailədə tutduğu mənafeyini gücləndirir, uşağa “mən” obrazını yükləyir. “Yox” deməyi də uşağa biz öyrədirik”. 

Yeniyetmələrin cinsi tərbiyyəsinə gəlincə, Fərqanə Mehmanqızı deyir ki, həm qız, həm oğlanlara uşaqlıqdan aşılanmalıdır ki, “sənin bədənin sənin toxunulmazındır”:

“Evə yad adam qonaq gəldiyi zaman, uşağı məcbur etmək lazım deyil ki, “get görüş, xaladır, əmidir”. Bu öz qanunlarımızın özümüz tərəfindən pozulması deməkdir. Eləcə də ailə üzvləri – xala-bibilər, əmi dayılar uşağa tanıdılmalıdır və yad adamlara “xala – dayı” deyə müraciət etməsi ondan tələb olunmamalıdır. Bu insan beynində “xaos” yaradır. Yad adamlar həm də etik qaydalara uyğun olaraq “xanım, “bəy”, “müəllim” kimi uşağa təqdim olunmalıdır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin