İctimai Şuralar gözdən pərdə asmaq üçündür? - Sadəcə “əl çalmağa” çağırılırlar...

Hazırda oxunan: İctimai Şuralar gözdən pərdə asmaq üçündür? - Sadəcə “əl çalmağa” çağırılırlar...

26095

Azərbaycanda mərkəzi icra strukturları tərkibində yaradılan ictimai nəzarət məsələsi gündəmə gəlib. 2014-cü ildən qanunla qüvvəyə minən və vətəndaş cəmiyyəti institutları tərəfindən yaradılan İctimai Şuraların işi birmənalı qarşılanmır.

Halbuki nazirlik və dövlət qurumları yanında İctimai Şuralar yaradılanda cəmiyyətin inkişafında faydalı olacağı deyilirdi.

Məlum qanunvericiliyin məramında da əks olunur ki, İctimai Şuralar dövlət qurumu və ya nazirliklərin fəaliyyətinə nəzarət həyata keçirməli, yeri gələndə onların işini tənqid etməli, problemləri araşdırıb təkliflər verməli və baş verənlərlə bağlı cəmiyyəti məlumatlandırmalıdırlar.  

Müşahidələr göstərir ki, yaradılan İctimai Şuralar sadəcə təmsil olunduqları strukturu tərifləməkdən başqa bir işə yaramırlar. Onların hələki ictimaiyyətə töhfə verəcək addımının şahidi olmamışıq. 

2014-cü ildən 2019-cu ilədək 33 mərkəzi icra hakimiyyəti orqanından 11-də İctimai şuralar yaradılıb.

2021-ci ilin 5 ayı ərzində 7 mərkəzi icra hakimiyyəti orqanı yanında İctimai şuralara seçkilər keçirilib və yaxın müddətdə bir neçə qurumda da prosesin yekunlaşması gözlənir. Əvvəlki dövrdə yaradılmış ictimai şuraların fəaliyyətinə nəzər salsaq,
 

bir iki iclas, görüş və ya dinləmələr keçirilməsi istisna olunmaqla yaxşı nəticələr ortada yoxdur. 


İctimai Şuralar “çıraq”la axtarılır...

Xüsusilə, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Bakı Nəqliyyat Agentliyi yanında yaradılan İctimai şuraların fəallığı sıfıra bərabərdir.

Cəmiyyətdə ən çox tənqid edilən və düzəlməsinə ehtiyac olan sahələrdən sayılan təhsil, tibb və ictimai nəqliyyatdır.

Bu sahələrdə problemləri və nöqsanları ortaya çıxarmaq, onları müzakirə etmək, yoluna qoyulması üçün ictimai nəzarətin rəyini almaq, təkliflər vermək, eləcə də şikayətçi vətəndaşların gileylərini aidiyyəti quruma çatdırmaq lazım olduğu halda bu qurumların İctimai Şuraları “çıraq”la axtarılır.

Bakı Nəqliyyat Agentliyinin yanında İctimai Şura bu ilin fevral ayında yaradılıb.
 

Bir sədr, təxminən 10-a yaxın üzvdən ibarət olan İctimai Şuranın 4 aylıq fəaliyyəti bir iclas və bir “Watsapp” qrupunda yazışmaqdan ibarət olub.


Yaxud 2 il əvvəl yaradılan Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirmək idisə, 2 illik iş bir neçə iclas, görüş və dinləmələr keçirməklə kifayətlənib.

Səhiyyə Nazirliyinin yanında yaradılan İctimai Şuranın isə sadəcə 2 il əvvəl yarandığı xəbərini eşitmişik. Bu qədər acınacaqlı duruma sahib olan tibb sahəsində vətəndaş cəmiyyəti təssübkeşliyini sübut edən hər hansı addım göz önünə gətirilməyib. 

Sadəcə “əl çalmağa” çağırılırlar...

Maraqlıdır ki, tez-tez sosial şəbəkələrdə İctimai şuraların işinin nazirlikləri tənqid və nəzarət etmək olduğu qeyd edilsə də, nəinki bundan nəticə çıxarılır, əksinə aid olduqları struktura təriflər yağdırma kampaniyası daha da sürətlənir.

Kənardan çılız görünən bu “fəaliyyət” in əsl mahiyyətinin “çiy” məram daşıdığı isə açıq görünür. Sadəcə “əl çalmağa” çağırılan İctimai şura üzvlərinin müvafiq qurumun himayəçisi kimi çıxış etməsi düzgün deyil və bununla cəmiyyətə töhfə gəlməyəcəyi dəqiqdir.

Çünki İctimai Şura bu tənqid və təkliflərin səsləndirilməsi üçün vacib platformadır. 

Digər nazirlik və dövlət qurumları yanında mövcud olan kifayət qədər İctimai Şuraların yarıtmaz işi ilə bağlı da nümunələr gətirmək olar. Hansı ki, onların daha keyfiyyətli və uğurlu fəaliyyətləri üçün yetərli imkanlar yaradılıb. 

Təbii ki, bu günlərdə yaradılan və yeni formalaşdırılan İctimai şuraların gördükləri işlərlə bağlı danışmaq hələ tezdir. Hər halda say tərkibi genişlənən və cəmiyyətin üzdə olan simalarından ibarət şəxslərin qoşulduqları İctimai Şuraların fəaliyyətlərinin düzgün təşkil olunmasında boşluq və çatışmazlıqların olduğu realdır ki, bunun təkmilləşməsinə ehtiyac var. 

Alçina Amilqızı, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin