“Fuad Poladovun telefonuna zəng vurmasam, darıxıram”
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət ötən il dünyasını dəyişən xalq artisti Fuad Poladovun həyat yoldaşı Gülüstan xanımın mediaya açıqlamasına münasibət bildirərkən deyib. Qeyd edək ki, Gülüstan Poladova bildirib ki, bu günə kimi həyat yoldaşının telefonuna ancaq yazıçı Seyran Səxavət zəng vurub onlarla maraqlanır. S.Səxavət bildirib ki, onlar həm qonşu, həm də yaxın dost olublar:
“Fuad Poladovla biz 1964-cü ildən tanışıq. Dostuq və indi də bu dostluğumuz davam edir. O, mənim üçün həmənki yerdədir. O, nəhəng aktyor, dost, tanış, qonşu, ailə başçısı idi, hara əlini qoyurdusa, nəhəng idi. Mənim də belə bir dostum olub. Biz “Gənclik” metrosu tərəfdə qonşu olduq. Qonşu olandan sonra bir-birimizi daha tez-tez görürdük. Fuad elə adamlardandır ki, o, həmişə var. Onun haqqında nə qədər adam danışsa, portretini çəkə bilməz. 1970-ci illərdə “Ədəbiyyat” qəzetində işlədiyim vaxtlar onunla danışmışdıq ki, ondan müsahibə götürüm, hələ də o müsahibəni götürməmişəm, amma İnşallah yəqin ki, qismət olar. Hər ay iki-üç dəfə Fuadın nömrəsinə zəng vurub ailəsi ilə hal-əhval tuturam. Onlar mənim doğmalarımdır və soruşmayan kimi darıxıram”.xa0
Vasif Əlihüseyn































































































