Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, eləcə də, qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Zaqatalada keçmiş məhkumun evində axtarış - Zəhərli maddə tapıldı - FOTO
Belə ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Novxanı bağlar massivində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Qurban Sultanov saxlanılıb.
Onun qeyd edilən ünvanda yaşadığı evin həyətinə baxış zamanı yaş vəziyyətdə çəkisi 112 kiloqram olan 2472 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Həmin şəxsin evindən isə ümumi çəkisi 34 kiloqram 500 qram qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarənin əməkdaşlarının Sabunçu rayonu Maştağa qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı paytaxt sakini Rahim Ağayevin yaşadığı evin həyətinə baxış keçirilib. Əməliyyat zamanı oradan 255 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkiləri aşkar edilib.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən sonuncu tədbir zamanı isə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Azər Süleymanov saxlanılaraq istintaqa təqdim edilib. Onun paytaxt ərazisində yaşadığı evə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin odlu silaha məxsus 35 ədəd patron aşkar edilib.
Qeyd edilən faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və təqsirləndirilən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Bizim.Media