“Qalib ölkənin hərbçilərinin maaşı artırılmalıdır. Azərbaycanın hərbi qulluqçuları ən yüksək sosial diqqətə və yüksək maaşa layiqdirlər. Çünki onlar qalib ordunun əsgərləridir”.
Bu təkliflə Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Silahlı Qüvvələr Günü ərəfəsində hərbçilərin maaşının artırılması ilə bağlı məsələyə münasibət bildirərkən çıxış edib.
O, deyib ki, Ordumuz ölkənin sosial təbəqə baxımından ən imtiyazlı şəxsləri və elitası olmalıdırlar:
“Necə ki, bu imtiyazlar bir çox ölkələrdə mövcuddur. Bu məsələdə iqtisadi əsaslar rol oynayan vacib məqamlardan biridir. Bu baxımdan hesab edirəm ki, dövlətimiz silahlı qüvvələrin hərbi qulluqçularının aylıq maaşının qaldırılması, onların sosial vəziyyətinin yaxşılaşdırması istiqamətində imkanlar çərçivəsində tədbirlər görməlidir.
MÖVZU İLƏ BAĞLI:
''Hərbçilərin maaşı artırılmalıdır, buna imkanımız çatır'' - Deputat
Bu gün bəzi qoşun növlərində xidmət edən zabit və gizirlərin maaşları normal hesab oluna bilər. Amma daha da artırılması yaxşı olar”.
Ekspert hərbçilərin maaş məsələsində qonşu ölkələrin təcrübəsindən də danışıb:
“Azərbaycan nəinki Ermənistan və Gürcüstan, keçmiş SSRİ respublikaları içərisində hərbi qulluqçuya ən yüksək maaş verən dövlətlərdən biridir. Əslində Rusiyada bu maaşların hansı formada tənzimlənməsi barədə məlumatım yoxdur. Amma bilirəm ki, Azərbaycan bu məsələdə heç də onlardan aşağı deyil.
O ki qaldı Türkiyəyə, orada da xidmət edilən ərazi və qoşun növü aylıq məvacibi müəyyənləşdirir. Ümumilikdə götürəndə istərdik ki, Ordumuzun maaşı beynəlxalq standartlar çərçivəsində tənzim olunsun. Həmçinin Azərbaycanın hazırki bazar səbətinə uyğun müəyyənləşsin.
Hərbi qulluqçuların bəzilərinin ailələrində yalnız özləri məvacib alır. Digər ailə üzvüləri işləmirlər. Bu səbəbdən onların sosial durumunun daha da yaxşılaşması döyüş bacarığına və döyüş hazırlığına təsir edir”.
Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə 2019-cu ildə Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Məlumat üçün bildirək ki, qoşun növlərinə və rütbələrə görə hərbi qulluqçuların maaşları 250- 2300 manat arasında dəyişir. Müddətdən artıq xidmət keçənlər 280-400 manat əmək haqqı alır. Arxa cəbhədə xidmət edən leytenant 500 manat, ön cəbhədə isə 700 manat əmək haqqı alır.
Arxa cəbhədə xidmət edən polkovnik 1200, öncə cəbhədə isə 1400 manat, ön cəbhədəki general-mayor rütbəli zabit isə 1800 manat əmək haqqı alır. Azərbaycan ordusunda xidmət edənlərin hamısı, müharibə veteranları istisna omlaqla, gəlir vergisi ödəyir.
Alçina Amilqızı, Bizim.Media