Bu gün Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, kinoşunas Aydın Kazımzadənin doğum günüdür. Aydın Ələsgər oğlu Kazımzadə 1940-cı il yanvarın 15-də Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən A.Kazımzadə 1963-cü ildən kinematoqrafiya sahəsində çalışır. Azərbaycanda animasiya kinosunun yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi məhz Aydın Kazımzadənin adı ilə bağlıdır.
Doğum günüylə bağlı Moderator.az-a danışan A.Kazımzadə öz xoş təəssüratlarını bölüşüb:
“Təbrikiniz üçün çox sağ olun. Doğum günlərimi adi günlərimdən biri kimi qeyd edirəm, çünki bu yaşda təntənəli doğum günü keçirmək düz gəlmir. İnşallah gələn il səksən yaşım olur, onda yubileyimi keçirəcəm. Yubileyin ləzzəti ayrıdır. İndi iş başıdayam heç doğum günüm yadıma düşmür. “Azərbaycan kinosunun tarixi” adlı kitabım çapa hazırlanır və buna görə bir az başım qarışıqdır”.
Vasif Əlihüseyn





























































































