Dövlət Gömrük Komitəsi tərəfindən demək olar ki, hər gün qaçaqmalçılıqla ölkəyə gətirilməsinə cəhd edilən tütün məmulatlarının, spirtli içkilərin aşkarlanması və müsadirə edilməsi haqqında xəbərlər yayılır. Gündəlik olaraq sərhəddən ölkəyə gətirilməsinə cəhd edilən qanunsuz məhsulların aşkarlanmasına baxmayaraq, aksiz markası olmayan tütün məmulatları və spirtli içkilər ölkə bazarlarına yol tapır. Bu cür məhsullar bəzən ölkə daxilində Dövlət Vergi Xidməti tərəfindən aşkarlansa da, digər hallarda istehlaka yönəlir.
Xatırladaq ki, ölkəyə aksizli malların aksiz markası olmadan gətirilməsinə və satılmasına görə İnzibati Xətalar və Cinayət Məcəllələrində cəza nəzərdə tutulur.
MÖVZU İLƏ BAĞLI:
ENERJİ İÇKİLƏRİ - “Qanadlandırmır”, ÖLDÜRÜR! – Kardioloqdan SOS!
Bu cür məhulların miqdarına və dəyərinə görə, 150 manatdan 5000 manatədək cərimə, 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur.
Hətta eyni əməl külli miqdarda məhsul gətirilməklə, təkrarən və ya qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma cəza və cərimlər də qaçaqmalçıları çəkindirmir.
Azərbaycanda qaçaqmalçılıqla aparılan mübarizə niyə effekt vermir?
Sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan dövləti, o cümlədən də DGK ilk növbədə qaçaqmalçılığın səbəbləri ilə mübarizə aparmalıdır:
“Qaçaqmalçılığın əsas səbəbi qonşu ölkələrlə Azərbaycan arasında qiymət fərqinin kəskin olması və sərhəd ticarətinin normal təşkil olunmamasıdır.
Həm də Azərbaycanın daxili istehsalında qaçaqmalçılığın obyekti olan mallar–tütün, spirtli içkilərin istehsalında inhisarçılıq mövcud olduğundan, bir çox vətəndaşlarımız qonşu ölkələrə səfər edərək və ya karqo şirkətlərin xidmətlərindən yararlanaraq bu kimi malları ölkəyə gətirirlər. Heç kim malının müsadirə olunacağını və ya həbs olunacağını göz önünə almır. Düşünürəm ki, ciddi səbəb olmasa heç kim buna cəhd etməz. Bu səbəbləri yaradan həm də Komitənin illərdir apardığı “siyasət” olub. Bəyyannamə qiymətlərinin artırılması, vətəndaşların sərhəd ticarətindən yararlanmasının məhdudlaşdırılması buna rəvac verib. Bunlar Azərbaycan vətəndaşlarının xaricdə istehsal olunan malların “ümidinə” qalması və gəlirlərinin azalması səbəbindən baş verir. Vətəndaş sual verir ki, niyə həmin siqaretlər Gürcüstanda ucuzdur, Azərbaycanda isə bahadır?”.
Nazim Bəydəmirli deyir ki, DGK Azərbaycan iqtisadiyyatı, sahibkarları, vətəndaşları ilə orta əsrlərdə qalmış üsullarla davranır:
“Yəni, sən sərhəddən keçirsənsə, mütləq monopolistin mənafeyinə xidmət etməlisən. Gömrük siyasəti həm yerli istehsal monopolistlərinin, həm idxal monopolistlərinin, məmur sahibkarlığının məqsədinə xidmət edir. Ona görə də bu cür problemlər yaşanır”.
Xatirə Nəsirli, Bizim.Media