Ölkəmizin bir çox bölgələrində müxtəlif ziyarətgahlar var. Onlardan biri də Cəlilabadın Dələli kəndində yerləşənxa0 “Üç qəbir” ziyarətgahıdır. 1959-cu ildə aşkar edilən bu ziyarətgaha şəfa tapmaq üçün ölkənin bir çox rayonlarından insanlarımız üz tuturlar. Dələli kəndi Buravar dağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıya salınmasınaxa0 əsasən kənddə 640 nəfər əhali yaşayır. Təbii ki, 2009-cu ildən bəri əhalinin sayı artmaqdadır. Kənd əhalisi əsasən əkinçilik, maldarlıq və heyvandarlıqla məşğuldur.xa0
Moderator.az-ın əməkdaşı həmin kənddə ziyarətgahın tarixçəsini araşdırıb. Beləliklə, həmin tarixi hadisəni təqdim edirik.xa0
“Üç qəbir” ziyarətgahı kənd sakini Mürvət Nəzərovun baba evinin həyətində yerləşir. Ziyarətgahın 1959-cu ildə aşkar edilməsinin isə tarixi var. Ziyarətgah on iki yaşlı Zərifə Nəzərovanın yuxusundan sonra aşkar edilib. Zərifə Nəzərova isə Mürvət Nəzərovun anasıdır.xa0
1959-cu ildə on iki yaşında olan Zərifə xanım yatarkən nurani bir kişi onu yuxudan oyadaraq bildirir ki, qorxmasın o, Allah tərəfindən göndərilib. Həyətdə ona bir yer göstərəcək. Zərifə xanım yuxudan oyanıb həmin ağsaqqalla həyətə düşür.xa0 Həmin adam həyətdə taxıl əkilən ərazidə bir yeri nişanlayaraq bildirir ki, burada imam övladlarımızın məzarları var, onları qazıb aşkar edərsiniz. Sonra həmin adamla Zərifə evə qayıdır. Bu zaman Zərifə anasını çağıraraq evdə ağsaqqal bir adamın olduğunu deyəndə, kişi qeybə çəkilir.xa0
Səhəri gün Zərifə anasına deyir ki, həmin ərazini qazmaq lazımdır. Anası ona inanmır və olanları bu dəfə Zərifə atası Əlixana danışır. Əlixan kişi qızını buna görə tənbeh edərkən qəfildən ağzı əyilir. Kənddə isə xəbər yayılır ki, Zərifə dəli olub. Bundan sonra kənd sakinləri ağsaqqallarla məsləhətləşərək həmin ərazini qazırlar. Üç metrdən sonra qəbirlər aşkar olunur. Zərifə bildirir ki, həmin qəbirlər İmamımız Museyi Kazımın nəvəsi Qərib Ağa İmam Rzanın övladları Yunis, Yusif və Sidiqəyə məxsusdur. Sonra məzarlar kənd sakinləri tərəfindən təmir edilir.xa0
Bundan xəbər tutanlar dərhal Moskvaya zəng vurub bildirirlər ki, Dələli kəndində kənd sakinləri özlərindən ziyarətgah düzəldib. Zərifəni buna görə polisə aparırlar. Orada sorğu-sual edildikdən sonra bildirirlər ki, ya meyitləri oradan çıxarıb qəbiristanlıqda dəfn edəcəyik, ya da qəbirlərin üstü torpaqlanıb ləğv olunacaq. Bununla razılaşmayan Zərifə bildirir ki, məsləhət sizindir. Traktor gətirib qəbirlərin üstünü torpaqlamaq istəyərkən, qəfildən tufan baş verir, aləm bir-birinə dəyir və hamı gəldiyi kimi geri qayıdır. Bundan sonra qəbirlərin möcüzəsinə heç kimin şübhəsi olmur. 1959-cu ildən bu günə kimi “Üç qəbir” ziyarətgahına şəfa tapmaq üçün çox sayda xəstə insanlar gəlir, nəzir qoyulur, ehsanlarxa0 verilir.xa0
Mürvət Nəzərov bizi çox gözəl qarşıladı. Bildirdi ki, buradan yığılan nəzir pulları ilə ziyarətgah bərpa edilib. Bundan başqa yığılan nəzirlərdən kasıblara, əlsiz-ayaqsızlara köməklik edilir.xa0
Vasif Əlihüseynxa0
Fotolar müəllifindir.



























































































