Azərbaycanda toy qadağası qüvvəsində qalsa da, faktiki olaraq nigah və toy mərasimləri həyata keçirilir. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayında, yəni yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 778 nikah qeydə alınıb.
Sərt karantinin hökm sürdüyü 2020-ci ilin yanvar-noyabr aylarında isə nigaha daxil olanların rəsmi sayı 29 580 nəfər olub.
Nigah mərasimlərinin böyük bir qisminin toyla müşayyət olunduğu sirr deyil. Hətta Azərbaycanda toy edərək evlənib, nigah mərasimini sonrakı mərhələyə saxlama təcrübəsi də var ki, bu da toyların sayının daha çox olduğunun göstəricisi sayıla bilər.
MÖVZU İLƏ BAĞLI:
“100 nəfərlik toya icazə verilmir, 35 min insan isə bir yerə toplanır”- Mütəxəssisdən ETİRAZ
Azərbaycanda yeni toy prosedurlarının formalaşdığı da məlumdur. Toyun keçiriləcəyi ünvan üzrə polis idarəsinə “baş çəkməyin” bu prosedurların əvvəlində olduğunu demək olar. İkinci növbədə isə digər səlaiyyətli şəxsləri “görmək” və s. gəlir. Yeni toylar klassik Azərbaycan toylarından yalnız qonaq sayı və musiqi səsinin zəif olması baxımından fərqlənir.
Valideynlərin səksəkə və həyacanı isə öz yerində - prosedurun ilk bəndlərində qeyd edilənlər nəzərə alınmazsa şənlik dağıdılır. Bu cür hallar da baş verir və toy sahibləri cərimələnməklə yanaşı, televziya ekranlarına “qatı cinayyətkar” kimi başıaşağı vəziyyətə düşürlər.
Digər bir qrup ailə qurmağa hazıırlaşanlar isə buna risk etmir və gözləməyə üstünlük verirlər. Axı nə qədər? “Qorxa-qorxa” keçirilən toylara nə vaxt son qoyulacaq, buna gəlir mənbəyi kimi baxanların “bazarları” nə vaxt bağlanacaq?
Millət vəkili Vahid Əhmədov isə Bizim.Media-ya açıqlamasında bildirib ki, toylara icazə verilməlidir:
“Amma bununla bağlı müəyyən qaydaların hazırlanması vacibdir. Açıq havada, məsafə saxlamaqla toyların keçirilməsinə icazə verilməlidir. İnsanlar uzun müddət nişanlı qala bilməzlər. Heç olmasa 100-150 nəfərlik toylar keçirilməlidir ki, gənclər öz arzularına qovuşsunlar. Bu çox vacibdir”.
Millət vəkili gizli toyların keçirildiyini istisna etmir:
“Müəyyən yerlərlə danışırlar, icazə alırlar və toylarını keçirirlər. Artıq bunların leqallaşdırılmasına ehtiyac var. Bunu artıq aşkar etmək lazımdır ki, insanlar çəkinmədən, qorxmadan, müəyyən say çərçivəsində öz toylarını etsinlər”.
Xatirə Nəsirli, Bizim.Media