Son illərə nəzər saldıqda Azərbaycan orfoqrafiyasındakı edilən dəyişikliklər bir çox insanları, əsasən də jurnalist və dövlət qurumlarını çaş-baş salıb. Bu haqda normal lüğət kitabları və informasiya mənbəyi olmadığı üçün orfoqrafiyada edilən dəyişiklər özü ilə bir çox problemlər gətirir.
Dilimizdə elə sözlər var ki, əvvəlcə yazılışı başqa cür təklif olunsa da, daha sonra sözlər yenidən köhnə yazılış formasına qaytarılıb.
Məsələn əsgər-əskər, əsginaz-əskinaz sözləri çaşqınlığın əsas səbəblərindən biridir. Bu sözlərdə bir zamanlar g hərfinin k hərfi ilə əvəz olunması təklif olunurdu. Xatırladım ki, hətta bu dəyişikliklər bir müddət yazılarda da tətbiq olunmağa başladı. Üzərindən bir müddət keçdikdən sonra isə Orfoqrafiya Komissiyası bir araya yığışaraq, bu dəyişiklikləri doğru bilmədikləri üçün bu işə qol qoymadılar. Ancaq günümüzün bu gününə qədər bu sözləri k hərfi ilə yazanlar hələ də var. Onu da qeyd edim ki, hətta g, k məsələsi insanlar arasında mübahisə predmetinə də çevrilib.
Gələk başqa bir məsələyə. Qanunvericiliyə əsasən, orfoqrafiya lüğətləri 5 ildən bir təkmilləşdirilib nəşr edilməlidir. Olsun, biz buna qarşı deyilk. Lakin nəzərə alsaq ki, “təkmilləşmə” bizim xeyrimizə işdəmədiyi üçün, bu problemə baxış bucağını dəyişir.
Çünki bu dəyişikliklər insanlar arasında yetərincə təbliğ olunmur, onların üzləşdikləri çətinliklər nəzərə alınmır. Əgər bu məsələlərə ciddi riayət olunsa idi yəqin ki, bir qurum “maliyə”, digəri isə “maliyyə” yazmazdı. Elə götürək yaxın xarici ölkələri. Bu regionlarda dövlət orfoqrafiyasına dəyişiklik olunan kimi ilk növbədə orfoqrafik lüğət tərtib olunaraq, insanlara paylanılır ki, onlar öz ana dillərinin normativlərini dəqiq bilsinlər. Ancaq göründüyü kimi bizdə məsələlər çayın tam əksinə üzür. Çünki çap olunduğu deyilən lüğət bir müqəddəs varlığa çevrilərək yoxa çıxıb. Onu deyəsən hələ də görən olmayıb.
Problemlərlə üzləşən isə əsasən qələm əhli olur, çünki doğru bilib yazdığımız sözün yazılışı bizə “xəyanət” edıb, başımızı aşağı sala bilər.
Dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Bizim.Media-ya açıqlamaında isə bildirib ki, sözlərin düzgün yazılışları yeni dərc edilən Azərbaycan dilinin orfoqrafiya lüğətində öz əksini tapıb.
“Aprel ayında Dilçilik İnstitutunun və Monitorinq mərkəzinin saytında lüğətin veb variantı yayımlanıb. Maraqlananlar ora baxa bilər. Orada bütün sözlərin düzgün yazılışını görə bilərsiniz. Bu lüğətdə müzakirə olunan problemlərə son qoyulub. Onu da qeyd edim ki, bütün bu düzəlişlər Nazirlər Kabineti tərəfindən təsdiq olunub”.
Alim həmçinin qeyd edib ki, lüğətin kitab versiyası çapdan çıxsa da o satışda yoxdur, ancaq qurumlara paylanılır.
“Lüğətin kitab versiyası da çapdan çıxıb. Ancaq biz bunu hamıya çatdıra bilmərik. Lüğət kitab mağazalarında yoxdur, biz bu kitabı yalnız təşkilatlara veririk.
Sözlərin düzəlişi əvvəlcə Orfoqrafiya Komissiyası tərəfindən 1 il müddətinə müzakirə edildi, daha sonra qərar qəbul edilməsi üçün Nazirlə Kabinetinə təqdim olunub. Kabinet tərəfindən təsdiq olunduqdan sonra isə, lüğət halında çap edilərək, ictimaiyyətə təqdim olunub. Yaxın günlər ərzində lüğətdə heç bir dəyişiklik gözlənilmir”.
Möhsün müəllimlə söhbətimizdən sonra mənə də yeni orfoqrafiya lüğəti maraqlı oldu. Bunun üçün əvvəlcə dilçilik institutunun saytında lüğət axtarışına çıxdım. Lakin şox təssüf olsun ki, hər yeri axtarsam da lüğətin elektron variantını saytda hec cür tapa bilmədim. Bəlkə də var, bu haqda dəqiq məlumat verə bilməyəcəm. Daha sonra ümidlə, Monitorinq Mərkəzinin veb səhifəsinin axtarışına çıxdım, ancaq heyiflər olsun ki, burada da oxum daşa dəydi. İnternetdə sayt barəsində heç bir məlumat əldə edə bilmədim. Buradan başa düşdüm ki, lüğəti axtarmaq üçün gərək xəfiyə olasan. Çünki, onu hec cür asanlıqla, hamının başa düşəcəyi tərzdə tapmaq olmayacaq.
Göründüyü kimi dilimizdə olan problemlər hələ də davam edəcək.
Ən azı yaxın 10 ildə bizim “y” yoxsa “yy” ətrafında qızğın müzakirələrimiz davam edəcək...
Zəruri qeyd:
Əgər lüğət kitabı 5 ildən bir təkmilləşdirilib çap olunursa, onda beş il öncə parta arxasında sözün yazılışını bir cür öyrənib, beş il sonra sinifdə imla və ya inşa yazan şagirdin səhvlərinin günahı kimin üstündə qalacaq? Yoxsa, məktəblinin də boynunun borcudur ki, Dilçilik İnstitutunun hər yeni “düzəlişi”ndən xəbədar olsun?
Vüsalə Balayeva, Bizim.Media