44 günlük müharibədə dostlaşdı, qayıdıb gördü ki, Şuşada polis rəisidir... - FOTO 

Hazırda oxunan: 44 günlük müharibədə dostlaşdı, qayıdıb gördü ki, Şuşada polis rəisidir... - FOTO 

25165

Türkiyənin TV100 kanalının reportyoru, ötən ilin payızında 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycandan operativ reportajlar yayan Burak Ersemiz həmin günlərdə Goranboyda dostlaşdığı polis zabiti ilə prezident Rəcəb Tayyib Ərdoğanı Şuşaya səfərdə müşaiyət edərkən yenidən görüşüb. Məlum olub ki, reportyorun dostlaşdığı polis zabiti indi Şuşanın polis rəisidir. 

Burak Ersemiz Ermənistan ordusunun cəbhəyanı yaşayış məntəqələrini, habelə Gəncəni bombalaması haqda xəbərləri, hadisə yerindən operativ kadrları dünyaya ilk çatdıran jurnalistlərdən olub.  

Bizim.Media xəbər verir ki, TV100 kanalının başda Burak Ersemiz olmaqla  çəkiliş qrupu o cümlədən düşməndən azad edilən ərazilərə də ilk dəfə daxil olan KİV mənsubları idi və onlar Talış kəndindən, Cəbrayıldan və digər ərazilərdən reportajlar verirdilər. 

Burak Ersemiz özünün sosial media hesabında yazıb ki, həmin müharibə günlərində Goranboyun Tap-Qaraqoyunlu kəndində əslən Şuşadan olan polis zabiti Samədlə (Saməd Məhərrəmov)  dostlaşıb.  

"44 günlük savaşda tanıdıq Saməti. İnanılmaz dərəcədə ürəkli idi. Tap Qaraqoyunluda logistika və təhlükəsizlik işlərinə cavabdehlik daşıyırdı. Qardaş kimi olduq. Şuşalıydı. İşğaldan sonra ailəsi ilə birlikdə torpaqlarını tərk etmək məcburiyyətində qalmışdı. Qarabağ azad olunanda birlikdə sevindik. Müharibədən sonra Şuşada xidmət etdiyini eşitmişdim. Bülent Kordemirci ilə Şuşaya çatar-çatmaz ilk qarşılaşdığım polisə onun fotosunu göstərdim. Baxdı və telefonla ona zəng vurdu. Dedi burada mətbuat işçiləri var, əllərində də sənin şəklin. Saməd həmin polisə "dərhal yanıma gətirin” deyib. Mindik polis maşınına, getdik polis mərkəzinə. Qapıda qarşıladı, qucaqlaşdıq. 14 yaşında ayrıldığı Şuşaya qovuşmuşdu. Gözləri doldu. İndi o, Şuşanın polis rəisidir. Bütün Şuşa ona əmanətdir. Samət qardaşımız da Allaha əmanət”, deyə türkiyəli telereportyor yazıb. 

Bülent Ersemizin bu qeydlərini bir sıra Türkiyə nəşrləri geniş xəbərə çeviriblər və dərc ediblər. (virtualaz.org) 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin