“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB

Hazırda oxunan: “Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB

24782

Külli miqadarda icrasına pul xərclənən parklama problemi heç cür həllini tapmır. Cavabdeh qurum bu məsələdə nə qayda yarada bilir, nə də qeyri-qanuni yığılan cərimələrin qarşısını ala bilir. Əslində problemin kökü parklamalarda olan sistemsizlikdir. Araşdırmalar göstərir ki, bir çox xarici ölkələrdə bütün parklanma yerləri vahid mərkəzdən və informasiya sistemindən idarə olunur.

Yəni bir dövlət qurumunun tabeliyində fəaliyyət göstərən parklama yerləri ödənişli və ya ödənişsiz olmaqla fərqləndirilir.

Azərbaycanda isə tam əksinədir. “Hökumət evi”nin yaxınlığındakı və Qış Parkının altında yerləşən yeraltı dayanacaqlardan başqa digər parkinq yerləri özəl şirkətlərin tabeliyindədir. Qeyd olunan ərazilər isə Bakı Nəqliyyat Agentliyinin nəzarətindədir. Məhəlləarası parklanma yerlərinin isə hansı qurumun tabeliyində olması sual altındadır. 
 

Son günlər sürücülər qanuni parklanma yerlərində növbəti haqsızlıqla bağlı sosial şəbəkələrdə aidiyyəti qurumlara etiraz ediblər.


Bildirdiklərinə görə, dayanma və durmaya icazə verən, parklanma olduğunu bildirən müvafiq yol nişanı əks etdirən ərazilərdə avtomobillərini park etsələr də, onlardan qanunsuz olaraq 1 və ya 2 manat müqabilində vəsait tələb edilib. Sürücü buna etiraz edəndə isə, xüsusi geyimdə görünən nəzarətçi avtomobili parklamaya imkan verməyib. Sürücü çox qısa vaxtda qayıdacağını bildirsə də, nəzarətçi “müəyyən etdiyi” məbləği ondan almaqda israr edib. Şəhərin bəzi ərazilərində fərqli mənzərə ilə də qarşılaşmaq mümkündür.

Belə ki, kimsə dövlətə məxsus olan parkovka ərazisinə şlaqbaum yerləşdirir və qanunsuz pul yığır.

Buna bənzər hallar paytaxtın bir çox ərazilərində yaşanır. Bəzi avtomobil sürücülərinə guya qanunsuz park etdiklərinə görə cərimə bildirişləri gəlir. Hansı ki, sonradan avtomobilin Bakı Nəqliyyat Agentliyi tərəfindən kameralarla görüntülənməsi aydın olur. Sürücü bu vəziyyətdə də haqsız duruma düşür və səlahiyyətli qurumun gətirdiyi min bir bəhanəyə cavab tapa bimir. 

Qəribə də olsa BNA isə israrla parklamadan yığılan pulların qanunsuz və onlara aid olmadığını bəyan edir.

Qurum baş verən bütün durumlarda  səlahiyyəti özəl şirkətlərin boynuna qoyaraq, onları günahkar bilir. Sürücülər isə gündəlik üzləşdikləri real parkinq “düyünü”nün birbaşa BNA-nə aid oduğunu iddia edirlər. Çünki sözügedən vəziyyətlərdə onlara ən çox bildirişin BNA-dən gəldiyi məlum olur. 
 

Maraqlıdır ki, BNA parklamanın tariflərini həll edə və vahid parklama ilə bağlı normal informasiya sistemi qura bilməsə də, qanunsuz parklama ilə bağlı video müşahidə, yəni cərimə sistemini həll edə bilib.


BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə video müşahidə sisteminin qurulması üçün SİNAM şirkətinə 6 milyon manat ödəyib.

İstənilən halda gizli fəaliyyəti ilə seçilən parkinq “qoçu”ları  şəhərdə əməlli-başlı “at oynadırlar”. Hökumət isə nə sistemin vahid mərkəzdən idarə olunmasını həll edir, nə də parklama tariflərini 4 ildir ki müəyyən edə bilir. 

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan avtobus dayanacaqlarını, habelə park və taksi dayanacaqlarının səlahiyyətlərini Bakı Nəqliyyat Agentliyinə ötürüb.
 

Fərmana əsasən Agentliyə parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırılıb.


BNA tərəfindən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılıb. Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin