Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahama hökm oxuinub.
Bizim.Media-nın məlumatına görə, bu gün keçirilən məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev sədrlik edib.
Məhkəmənin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, o cəzanın ilk 5 ilini həbsxanada, digər hissəsini ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
***
İyunun 14-də Yasamal Rayon Məhkəməsində Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə kollegiyasının hökmü elan edəcəyi gözlənilir.
Son məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra təqsirləndirilən şəxs son söz deyib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin mayın 5-də yaydıqları birgə məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan silahlı qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası DTX-nin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
İstintaqla müəyyən olunub ki, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini, 1979-cu il təvəllüdlü Eulcekcian Viken Abraham 2020-ci il sentyabrın 29-da Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq, 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib.
O, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar keçib digər muzdluların da olduğu ərazilərə gəlib.
Həmçinin Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.
Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mayın 5-də cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:08 / 14.06.2021
Qarabağda döyüşən livanlı muzdluya hökm oxundu - SON DƏQİQƏ! - YENİLƏNİB
Hazırda oxunan: Qarabağda döyüşən livanlı muzdluya hökm oxundu - SON DƏQİQƏ! - YENİLƏNİB
Hazırda oxunan: Qarabağda döyüşən livanlı muzdluya hökm oxundu - SON DƏQİQƏ! - YENİLƏNİB
24687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.