Qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq CƏRİMƏLƏNDİ

240348

Bakıda fəaliyyət göəstərən "Dr.Elnara" MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibb fəaliyyəti üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərib.

Bizim.Media teleqraf.com-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin qərarı ilə məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.

Bu qərardan Elnarə Rzayevanın vəkili Yasamal Rayon Məhkəməsinə şikayət edib. Vəkil Elnarə Rzayevanın 5 min manat miqdarında cərimə olunması barədə qərarın ləğv edilməsini istəyib.

Yasamal Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmayıb.

Bundan sonra vəkil eyni tələblə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, bu şikayət də təmin edilməyib.

Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2021-ci ildə "Dr.Elnara" MMC-yə məxsus kosmetoloji mərkəzdə yoxlama aparılıb və bu zaman müəssisənin lisenziyasız tibb fəaliyyəti (kosmetoloji) göstərdiyi aşkarlanıb.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib və 20 000 manat məbləğində inzibati qaydada cərimə qərarı çıxarılıb.

Lakin bu cərimə cəzası ilə bağlı qərar Nizami Rayon İcra Şöbəsi tərəfindən icra olunmayıb.

Səhiyyə Nazirliyi qərarın icra olunmamasından 2024-cü ilin sonlarında məhkəməyə müraciət edib və MMC-nin barəsində təyin olunmuş cərimənin icrası üçün Nizami Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbulu xahiş edilib.

Şikayət onunla əsaslandırılıb ki, Nizami Rayon Məhkəməsinin 2021 saylı icra sənədinə əsasən borclu "Dr. Elnara" MMC-dən 20 000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir.
 

İcra məmuru Zaur Həmzəyev ətraflı, tam və obyektiv araşdırma aparmadan, icra işini icra edə bilmədiyi üçün geri qaytarıb. Hüquqi şəxsin direktoru olan Cəmilə adlı qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməməsinə görə) bircə dəfə belə tədbir görməyib.


Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, hüquqi şəxsin təsisçisi, eyni zamanda direktoru olmuş Rusiya Federasiyasının vətəndaşı Elnarə Rzayeva hazırda da qanunsuz fəaliyyət göstərir. Buna görə Yasamal Rayon Prokurorluğu araşdırma aparıb və daha sonra Səhiyyə Nazirliyinə məlumat verilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin şikayəti təmin edilib və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün qərar qəbul edilib.

Qeyd edək ki, Elnarə Rzayevanın barəsində Yasamal Rayon Prokurorluğunda da araşdırma aparılıb.

Müəyyən edilib ki, Elnarə Rzayevanın əməlində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması üzə çıxıb.

Onun barəsində 210.1-ci maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Səhiyyə Nazirliyinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin