Tərkibində narkotik olan qrip dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Tərkibində narkotik olan qrip dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA

240141

Azərbaycanda satılan bəzi qrip dərmanlarında, preparatlarda, qrip tozlarında (paraşok) narkotik vasitə və psixiotrop maddələrin olması barədə məlumat yayılıb. 

Məlumata görə, bəzi qrip və digər xəstəliklərə görə dərman qəbul edən şəxslərin analizlərindən çıxan nəticələrində narkotik maddə qəbul etdikləri ortaya çıxıb. Onlar bu analizin cavabına görə, hətta işlərini itiriblər. Lakin sonradan onların narkotik aludəçisi olmadığı və davamlı qrip əleyhinə dərmanlardan istifadə etdikləri məlum olub.

Məlumata əsasən, hazırda Azərbaycan Respublikasının ərazisində 19 ticarət adı ilə belə mürəkkəb tərkibli dərman vasitələri dövlət qeydiyyatına alınıb, bunlardan on ikisi həkim resepti əsasında buraxılır.

Həmin dərmanlar bunlardır: 

Kaffetin, Paraferin, Pentalgin®-N, Kodelak®, Piralgin Neo, Kodefrin. Bunlardan ilk ikisi reseptsiz, qalanları reseptlə buraxılır. Lakin vətəndaşlara həmin dərmanların çoxu əczaxanalarda reseptsiz satılır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisinə dünyanın qabaqcıl dərman istehsalçıları tərəfindən idxal olunan bəzi mürəkkəb dərman vasitələrinin tərkibinə kompleks müalicənin aparılması məqsədilə müəyyən faiz nisbətində narkotik vasitələr və psixotrop maddələr daxil edilir:

“Buna misal kimi tərkibində narkotik vasitə kodein və psixotrop maddə fenobarbital olan mürəkkəb tərkibli dərman vasitələrini göstərmək olar. Belə ki, kodein tibdə əsasən ağrıkəsici (analgetik) və öskürək əleyhinə (antitussiv), fenobarbital antikonvulsant (qıcolma əleyhinə), sedativ (sakitləşdirici) və yuxugətirici dərman kimi istifadə olunur”.

Qeyd edilib ki, tərkibində kodein olan dərman vasitələri 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Beynəlxalq Konvensiyanın 3-cü siyahısına daxil edilib:

“Onların qanuni tibbi istifadəsi, miqdarı, sui-istifadə edilmə ehtimalı və həmin maddələrin asanlıqla bərpa oluna bilməyəcəyi (dərman vasitələrinin tərkibindən çıxarılması) səbəbindən, həmin Konvensiya ilə nəzərdə tutulan bəzi nəzarət tədbirlərindən azad edilib. Həmçinin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ saylı Qanununa görə, kodein ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin, fenobarbital dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına daxil edilib, lakin başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarət tədbirlərindən azad edilib.

Hazırda Azərbaycan Respublikasının ərazisində 19 ticari adda belə mürəkkəb tərkibli (tərkibində narkotik və psixotrup maddələr olan) dərman vasitələri dövlət qeydiyyatına alınıb. Onlardan 12-si həkim resepti əsasında buraxılır.

6-sı isə qrip və soyuqdəymə əleyhinə istifadə olunur. Tərkiblərində narkotik vasitə olan kodein (codeine) mövcuddur və qanunvericiliyə görə nəzarətdə saxlanılmır.  Dərmanlar: Kaffetin, Paraferin, Pentalgin®-N, Kodelak®, Piralgin Neo, Kodefrin. Bunlardan ilk ikisi reseptsiz, qalanları reseptlə buraxılır”.

Qurumdan bildirilib ki, ötən ilin yanvarından “Elektron Resept” sisteminin tətbiqinə başlanılıb:

“Elektron reseptin üstünlüklərindən biri sistem üzərindən xəstəyə dərman vasitəsi təyin olunmamışdan öncə diaqnozun təyin olunmasıdır. Həmçinin, pasient üçün tərtib olunan elektron resept özündə resepti yazan həkim və pasiyentə dair məlumatları daşıyır. Vətəndaş elektron resept vasitəsilə aptekdən dərman vasitəsini əldə etdikdə, sistem üzərindən həmin resept aktivlik statusunu itirir. Bu da bir reseptlə bir neçə aptekdən təkrar olaraq eyni dərman vasitəsinin əldə edilməsinin qarşısını almaqla, bərabər dərman vasitələri üzərində nəzarətin həyata keçirilməsində əhəmiyyətli rol oynayır”.

Bəs bu dərmanların insan orqanizminə mənfi təsirləri nədir?

Bu barədə Bizim.Media-ya danışan farmakoloq Aydın Əliyev deyib ki, belə dərmanlar əsasən sisnir sisteminə təsir edir:

“Tərkibində narkotik maddələr olan dərmanlar mərkəzi sinir sisteminə təsir edərək, müvafiq mərkəzləri, hərəkəti idarə edir və adətkarlıq yaradır. Bu dərmanlardan eləsi var ki, iltihab əleyhinə istifadə edilir, ağrını kəsir, spazmı götürür, əzələləri tonusdan salır, yuxu gətirir, temperaturu salır, müəyyən dərəcədə beyni sakitləşdirən effekt verir. Ümumiyyətlə, tərkibində narkotik maddələr olan dərmanlar tibbdə ağrıları kəsmək üçün istifadə edilir. Miokard infarktı var, xəstə ağrı şokundan ölə bilər, onda həkimlər narkotik maddələr olan morfindən istifadə edirlər. Narkotik maddələr digər insanların əlində faciə mənbəyidir, amma tibbdə insanı həyata qaytara bilir. Ona görə də o dərmanların reseptsiz satılması düzgün deyil. Həkim təyinatı olmadan dərman almaq düzgün deyil. İnsan hər hansı vəziyyətə görə, yəni ağrının dinməsi baxımından belə asılı vəziyyətə düşür”.

Tibb mütəxəssisi qeyd edib ki, bu dərmanların orqanizmə müəyyən mənfi təsirləri var:

“Bu dərmanların bədənin digər orqanlarına; qaraciyərə, böyrəyə, mədə-bağırsağa, qana, tənəffüs sisiteminə əlavə təsirləri meydana çıxır. Həkim dəqiq diaqnoz qoyur, dərmanı təyin etdikdə əlavə təsirləri bildiyi üçün onu aradan qaldırmaq məqsədi ilə müəyyən tədbirlər görür.

Belə dərmanlardan hamiləlik zamanı və körpəyə süd verilən zaman istifadə etmək olmaz. Dünya tibb elmi 12 yaşa qədər uşaqlara belə dərmanların təyinatını tövsiyə etmir. Əgər həyatı göstəriş varsa, onu həkim həll eləməlidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin