Məlum olduğu kimi, bu gün dünyanın bir çox ölkələrində münaqişə ocaqları qalmaqdadır. Bəzi bölgələrdə aktiv şəkildə döyüş əməliyyatları davam etsə də, bir çox münaqişələr dondurulmuş vəziyyətdə saxlanılıb. Bu isə gələcək nəsillərə miras qoyulan “partlamamış mina”lara bənzədilə bilər.
Sonu olmayan savaşlar
İkinci Dünya Müharibəsindən sonrakı dövrdə, yəni son 80 il ərzində dünyanın müxtəlif bölgələrində saysız-hesabsız müharibələr baş verib. Onların əksəriyyəti isə nəticəsiz yekunlaşıb. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bir çox hallarda dünyanın böyük gücləri belə qatıldıqları savaşlardan üzüağ çıxa bilməyiblər.
Məsələn, Vyetnam nümunəsinə nəzər salsaq, savaşın 20 ilə yaxın davam etdiyini görə bilərik. 10 illik period ərzində isə ABŞ aktiv şəkildə müharibədə iştirak etdi. Ancaq sonda biabırçı şəkildə məğlub olaraq, Vyetnamı tərk etməyə məcbur oldu.
Əfqanıstan da bu mənada xüsusilə fərqlənir. Belə ki, nə keçmiş SSRİ, nə də ABŞ “imperiyalar məzarlığı”ndan üzüağ çıxa bildilər. Onların hər ikisi heç bir nəticə qazanmadan Əfqanıstanı tərk etməyə məcbur oldular.
ABŞ-dan söz düşmüşkən, Vaşinqtonun Yaxın Şərq kampaniyası da nəticəsiz qaldı. İraqda heç bir uğur qazana bilməyən amerikalılar özlərindən sonra dağıdılmış bir ölkə buraxaraq okeanın o tayına qaçdılar.
Son olaraq İsrail də 2 ildən çox HƏMAS-a qarşı savaşdı. Bütün texnoloji imkanlarına və müasir ordusuna baxmayaraq heç İsrail də Qəzza zolağında planlaşdırdığı nəticəni qazana bilmədi.
İndi də Ukrayna
Hazırda isə bütün dünyanın diqqəti Ukraynadadır. Üç ildən çoxdur davam edən Ukrayna müharibəsində də tərəflər hər hansı nəticə qazana bilməyiblər. Hazırda atəşkəs danışıqları, yəni faktiki olaraq münaqişənin dondurulması variantı diqqət mərkəzindədir. Görünən qədərilə, Ukraynanın bölünməsinə gətirib çıxaracaq razılaşma ilə bu müharibə də başa çatacaq. Yəni, münaqişə gələcək nəsillərə miras buraxılacaq.
Məntiqi sonu olan yeganə münaqişə
Ən yeni tarixdə yeganə məntiqi nəticənin qazanıldığı savaş kimi Qarabağ müharibəsini nümunə göstərə bilərik. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Ağdərənin Suqovuşan kəndində sakinlərlə görüşdə bu məsələdən söz açıb:
“Bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”.
26 illik atəşkəs dönəmi
Məlum olduğu kimi, 1994-cü ilin mayında 6 ilə yaxın davam edən müharibədə Bişkek protokolunun imzalanması ilə atəşkəs əldə olundu. 26 illik atəşkəs dönəmində isə Ermənistan bütün qüvvəsi ilə keçmiş təmas xəttində istehkamlar qurub, mövqelərini möhkəmləndirdi. Eyni zamanda, ordusunu gücləndirərək, müasir texnikalarla təchiz etdi. Bunun nəticəsidir ki, keçmiş təmas xətti boyunca ermənilərin “keçilməz” dedikləri “Ohanyan səddi” quruldu.
Azərbaycan da bu dövrdə ordu quruculuğuna xüsusi diqqət ayırdı. Silahlı qüvvələrimiz ən müasir texnologiyalarla təmin olundu, döyüş hazırlıqları ən yüksək səviyyəyə çatdırıldı.
Ancaq istənilən halda, ədaləti təmin etmək üçün müharibədə qələbə çalmaq heç də asan deyildi.
Azərbaycanın zəfərinin sirri
Bütün sadalananlara baxmayaraq Azərbaycan 2020-ci ilin payızında tarixi zəfər qazanmağı bacardı.
Dəqiqliyi ilə hazırlanmış əməliyyatlar planı ordumuzun 44 gün ərzində 30 ilə yaxın davam edən işğala son qoyması ilə yekunlaşdı. Azərbaycan Ordusunun Hadrut və Şuşa əməliyyatları isə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Çünki hər iki əməliyyat zamanı həm qüvvələr nisbəti, həm də əlverişli mövqelərə sahib olmaq baxımından düşmən daha yaxşı durumda idi. Ancaq Azərbaycan ordusu tarixi zəfər qazanmağa nail oldu.
Bu qələbənin əsas memarı isə Ali Baş Komandan İlham Əliyev idi. Müzəffər lider müharibə boyunca bütün proseslərə şəxsən nəzarət edirdi. İlham Əliyev döyüş əməliyyatlarını ən incə detallarına qədər bilir və lazımi anlarda ən doğru qərarları qəbul edirdi.
Nəticə isə göz qabağındadır...
44 günlük müharibədən 3 il sonra Azərbaycan növbəti uğurlu hərbi əməliyyatlara başladı. Bu dəfə cəmi 1 günə məntiqi nəticə qazanıldı. Azərbaycan suverenliyi bərpa olundu və II Dünya Müharibəsindən sonra dünyada ilk dəfə bir münaqişə məntiqi nəticə ilə yekunlaşdı.
Təbii ki, bu qələbənin kökündə dayanan ən böyük səbəb isə “Güclü dövlət-Güclü lider” faktoru oldu. Məhz bu faktor sayəsində Azərbaycan adını tarixə qızıl hərflərlə yazdırdı.
Bizim.Media-nın analitik qrupu