Şəkidə məktəblilər arasında dava birinin xəsarət alması ilə nəticələnib. Şəhər məktəblərindən birinin 11-ci sinif şagirdini 4 sinif yoldaşı dağa apararaq vəhşicəsinə döyüb.
Baş vermiş hadisəni Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.
Bildirilib ki, Şəki şəhərində məktəblinin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı martın 9-da ailə üzvlərinin müraciəti əsasında ərazi polis orqanında araşdırmalara başlanılıb.
Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb və zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu