İşğaldan azad edilən Xankəndi şəhəri və Xocalı rayonunda Novruz bayramı hazırlıqları davam edir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndi şəhəri və Xocalı rayonunda Novruza hazırlıq işləri aparılır.
Xankəndi şəhərinin Zəfər meydanında Novruz bayramı öncəsi görülən hazırlıq işləri xüsusilə diqqət çəkir. Mərkəzi meydanda səməni qurulub.
Burada müxtəlif bayram əhvali-ruhiyyəli şənliklərin keçirilməsi üçün şərait yaradılır. Bundan əlavə, şəhərdə müxtəlif güllər və kollar əkilib, ağaclar budanıb. Həmçinin Zəfər meydanında konsert proqramı üçün xüsusi konstruksiyalar quraşdırılır.
Xocalı şəhəri və Ballıca kəndində də Novruza hazırlıq işləri görülür. Şəhərdə Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səməni quraşdırılıb. Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar Xocalı şəhəri ərazisində abadlıq və təmizlik işlərini sürətləndirilib.
Bizim.Media