Bakı Qlobal Forumundan dünyaya hansı mesajlar verildi?

Hazırda oxunan: Bakı Qlobal Forumundan dünyaya hansı mesajlar verildi?

239720

Bakıda keçirilən XII qlobal forum dünyanın təhlükəsizlik arxitekturasının müəyyənləşdirilməsi baxımından mühüm mesajlarla yadda qaldı. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda təşkil olunan tədbirdə proqram xarakterli çıxış edən Prezident İlham Əliyevin diqqəti Cənubi Qafqaza yönəltməsinin isə konseptual əsasları var.

Çünki, beynəlxalq aləmdə baş verən hadisələr göstərir ki, bölgənin geosiyasi əhəmiyyəti artır, Azərbaycanın da üzv olduğu region enerji və bağlantı nöqteyi-nəzərdən maraqların cəmləşdiyi məkana çevrilir. 

Paytaxtımıza toplaşan dünyanın qabaqcıl ictimai-siyasi xadimləri, 50-dən çox keçmiş və indiki prezidentlər, baş nazirlər, politoloqlar, QHT və media nümayəndələri Prezident İlham Əliyevin çıxışını rəğbətlə qarşıladılar və XII forumun irəli sürdüyü tezislərin qlobal proseslərin sonrakı mərhələləri üçün aktuallıq kəsb edəcəyini bildirdilər.

Məsələ ondadır ki, indiki beynəlxalq vəziyyət sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularını ön plana çıxarır, bu istiqamətlər üzrə qlobal dialoqa və əməkdaşlığa zərurət yarandığını göstərir. Prezident İlham Əliyev də əksər nitqlərində bu məsələyə məxsusi toxunur və bildirir ki, yalnız qlobal həmrəylik təşəbbüsləri xaotik mərhələyə qədəm qoyan planetin gələcəyini təhdidlərdən xilas edə bilər.
 

Dövlət başçısının forum günlərində “Euronews” televiziyasına müsahibəsində toxunduğu bu məqam beynəlxalq siyasətin əsas ehkamlarının tədricən sıradan çıxdığına və beynəlxalq hüququn artıq dövlətlər və təşkilatlar səviyyəsində tənzimləyici rol oynaya bilmədiyinə tam aydınlıq gətirir.


“Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır”. 

Prezidentin toxunduğu beynəlxalq hüququn faktiki, işləmədiyinin nəticəsidir ki, hazırda ayrı-ayrı dövlətlər beynəlxalq təsisatlar deyil, ikitərəfli münasibətlər çərçivəsində əməkdaşlığa üstünlük verir.

Çünki, ikitərəfli müstəvidə manipulyasiya imkanları yoxdur və qəbul edilən qərarların icrası daha effektiv şəkildə həyata keçirilir.

Azərbaycan isə beynəlxalq təşkilatların ədalətin qorunmasına xidmət etməli olan qətnamələrinin hansı aqibəti yaşadığını öz üzərində hiss edib. O səbəbdən də Prezident İlham Əliyev bu gün bəzi beynəlxalq təşkilatların zəiflik nümayiş etdirdiyini, hətta bir çoxlarının tamamilə iflic vəziyyətində olduğunu diqqətə çatdırır. Bütün bu tendensiyalar qlobal transformasiyanın ilkin mərhələsi hesab olunur və çox şey hadisələrin sonrakı gedişatından asılı olacaq. 
 

Prezident forumdakı çıxışında Azərbaycan üçün son dərəcə önəmli olan bir neçə mövzuda dəqiq analizlər apardı və bununla da həm regional, həm də beynəlxalq münasibətlər sistemi üçün aktual səciyyə daşıyan gözləntilərin mahiyyətinə aydınlıq gətirdi. 


Bunların sırasında ilk pillədə Cənubi Qafqazda möhkəm sülhün təmini məsələsi durur. Hazırda 44 günlük müharibədə məğlub olan Ermənistan sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın irəli sürdüyü tələblərin icrasında sanki ciddi kompromislərə gedir. Hərçənd, qonşu ölkədəki revanşist qüvvələr qəti şəkildə sülhə qarşı çıxır, Nikol Paşinyanın “Real Ermənistan” ideyasının “Böyük Ermənistan” arzusunu tarixə gömdüyünü və indiki Ermənistan dövlətçiliyi üçün təhdid yaratdığını deyərək hakimiyyətin sülh gedişlərini əngəlləməyə çalışır.

Doğrudur, Prezidentin də vurğuladığı kimi, sovet dövründə Cənubi Qafqazın 3 respublikası arasında fəal təmaslar olub, ancaq qlobal güclərin regionda öz maraqlarını təmin etmək üçün həyata keçirdikləri oyunlar onilliklər ərzində bölgəni qarşıdurma və düşmənçilik məkanına çevirib. Cənubi Qafqazda növbəti hərbi toqquşmaları istisna edəcək əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasına böyük ehtiyac var və 3 respublika sovet dövründə olduğu kimi, yenə də qonşuluq şəraitində yaşamağa çalışmalıdır.
 

İkinci mühüm istiqamət iqtisadi proseslər, xüsusilə də, enerji təhlükəsizliyi məsələsidir. Təbii, 30 illik işğalçılıq siyasətinə görə Ermənistan hazırda bölgədə həyata keçirilən enerji layihələrindən kənardır, ancaq Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan layihələrdə birgə iştirak edir.


Statistik rəqəmlərə görə, hazırda 

-Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir; 

-12 ölkədən 10-u Avropanı təmsil edir; 

-2024-cü il xarici bazarlara 25 milyard kubmetr qaz çıxarılıb; 

-2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmi 30 milyard kubmetrə çatdırılacaq.

Bu gün Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarlarına çıxarılacağı gözlənilir.

Ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artdı və 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəldi.

Bu isə o deməkdir ki, Azərbaycana məxsus resurslar Avropanın enerji təchizatında hələ uzun illər lazımlılıq əmsalını qoruyub saxlayacaq. Heç də təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində müstəsna rol oynayır. Əgər həmin sıraya yaşıl enerji mənbələrini, o cümlədən, Azərbaycandan Avropaya gedən, Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini də əlavə etsək, bu, Bakının bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərinin uzun perspektivə dayandığını söyləməyə əsas verir. 
 

Üçüncü mühüm istiqamət isə beynəlxalq fəaliyyət sayılır. Cənubi Qafqaz geosiyasi transformasiyalar dövrünü yaşayır, burada yerləşən respublikaların isə əsas hədəfi həmin proseslərdən geridə qalmaması, diqqəti regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməsidir.


Hazırda Bakı və Tbilisi bölgə problemlərinin məhz region dövlətləri tərəfindən həllinə çağırış edir və Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının birgə səylərlə yaradılması təşəbbüsünü irəli sürür. Azərbaycan və Gürcüstan tərəfindən təklif olunan regional əməkdaşlıq ideyası “Qafqaz evi” formatıdır.

Bu ideyanı hələ ki, dəstəkləməyən tək ölkə Ermənistandır. Beynəlxalq fəaliyyətinin parametrlərini tam dəqiqləşdirməyən, Qərb və Rusiya arasında var-gəl edən, Avrasiya İqtisadi Birliyinin üzvü ola-ola Avropa İttifaqına inteqrasiya yolunu tutan İrəvanın regional proseslərdə konstruktiv davrana biləcəyi istisna edilir.

Azərbaycan isə beynəlxalq əməkdaşlıq üçün əsas prinsip kimi milli maraqların təminini götürür.

Hazırda ölkəmiz Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, bir sıra üçtərəfli formatlar çərçivəsində effektiv beynəlxalq siyasət yürüdür. COP29 iqlim konfransı, qlobal forumlar, mədəniyyətlər və dinlərarası forumlar, müasir şəhərsalma forumu və digər bu kimi mötəbər tədbirlər Prezident İlham Əliyevin qlobal harizmasına böyük maraq olduğunu göstərir. Azərbaycanın ortaya qoyduğu ideal əməkdaşlıq nümunəsi isə onun qlobal problemlərin həllindəki iştirak dərəcəsini də sürətlə artırır.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin