Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbində aparılmış yoxlamalar nəticəsində sabiq direktor Qazıyev Azər Arif oğlunun fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
“Bu səbəbdən Qazıyev Azər Arif oğlu 27 fevral 2024-cü il tarixində vəzifəsindən azad olunub.
Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən ilin fevralında Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntülər yayılıb.
Sözügedən görüntülərlə bağlı araşdırma aparılıb və araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.
Bizim.Media