Bakıya gələn turistlərin əsas NARAZILIĞI – Onlar nədən şikayət EDİRLƏR?

Hazırda oxunan: Bakıya gələn turistlərin əsas NARAZILIĞI – Onlar nədən şikayət EDİRLƏR?

238943

Dövlət Staistika Komitəsi ötən il ölkəmizə gələn turistlərin müştəri məmnunluğu ilə bağlı sorğunun nəticələrini açıqlayıb. Təəssüf ki, nəticələr heç də ürək açan deyil.

Belə ki, 2024-cü ilə Azərbaycanda taksi sərnişindaşıma xidmətlərindən narazı qalan turistlərin sayının ölkələr üzrə bölgüsü açıqlanıb. Və ümumilikdə 28 min 704 turist ölkəmizdəki taksi xidmətindən narazı qalıb.

2024-cü ilə Azərbaycanda avtobusla sərnişindaşıma xidmətlərindən narazı qalan turistlərin sayı da açıqlanıb. Məlum olub ki, ötən il 46 min 897 turist avtobus xidmətindən narazı qalıb.

Hər iki fakt olduqca məyusedici və narahatedici məsələdir.

Bəs bu narazılığın əsas səbəbləri nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm ekspert Ceyhun Aşurov deyib ki, aparılan sorğular nəticəsində məlum olub ki, əcnəbi turistlərin bir çoxu taksi xidmətindən və ictimai nəqliyyatdan narazıdır:

“Bunun da bir sıra səbəbləri var. Taksi xidmətindən narazılıq əsasən avtomobilin təmiz olmaması, sürücü kobudluğu, qeyri-şəffaf qiymət siyasəti ilə bağlıdır. Müqayisə etsək, Azərbaycanda taksi xidməti digər ölkələrlə müqayisədə ucuzdur. Lakin kəmiyyət sərfəli olsa da, keyfiyyət arzuolunan deyil. Xüsusilə də, “ekonom” sinifinə aid taksilərdən narazılıq daha çoxdur.

Avtobuslarla bağlı narazılıqsa əsasən gecikmələrlə və intervalın pozulması ilə bağlıdır. Sirr deyil ki, avtobuslar bir qayda olaraq mənzil başına gec çatır. Pik saatlarda isə bunun üzərinə sərnişin sıxlığı da gəlir. Pik saatlarda avtobuslarda ayaq üstündə dayanmağa belə yer tapmaq çətin olur. İstirahətə gələn əcnəbinin marşrutlarda əzilməsi və saatlarla yolda qalması heç də xoş təəssürat yarada bilməz.

Narazılıqların aradan qaldırılması üçün optimal həllər tapılmalıdır. İstirahətə gələn və bunun üçün kifayət qədər pul xərcləyən heç bir əcnəbini Bakıdakı avtobus çatışmazlığı və yaxud lüzumsuz gecikmələr maraqlandırmır. Ona görə də biz daha çox turist cəlb etmək üçün ilk növbədə müştəri məmnunluğuna nail olmalıyıq. Bunu bacarsaq ölkəmizə gələnlərin sayı dəfələrlə artar. Turizmin inkişafı isə iqtisadiyyatımızın və sosial həyatımızın inkişafı deməkdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin