Müasir dövrdə artıq azyaşlılar da kosmetik vasitələrdən istifadə etməyə başlayıblar. Üstəlik, bəzi valideynlər özləri buna şərait yaradırlar.
Bizim.Media xəbər verir ki, mütəxəssislər erkən yaşda kosmetik vasitələrdən istifadənin uşaqların dərisinə olduqca zərərli olduğuna dair araşdırmalar aparıblar.
“The İndependent” yazır ki, dermotoloqlar körpə dərisinin yetkin dəriyə qulluq məhsulları üçün çox incə və həssas olduğunu iddia edirlər.
Mütəxəssislərin fikrincə, zaman-zaman kosmetika ilə təcrübə aparmaq normaldır, lakin mümkün dəri problemlərinə görə uşaqlar belə məhsullardan müntəzəm istifadə etməməlidirlər.
Uyğun olmayan məhsulların istifadəsi qıcıqlanmaya, dəri bariyerinin pozulmasına, ekzemaya və həssaslığın artmasına səbəb ola bilər. Bu cür məhsullardan istifadə edən uşaqlarda allergik kontakt dermatit riski arta bilər.
Bununla yanaşı həkimlər problemin psixoloji tərəfini də izah edirlər. Qüsursuz dəri və müəyyən üz cizgiləri axtarışında uşaqların psixi sağlamlığına potensial təsirlə bağlı ciddi narahatlıqlar da var.
Sosial media körpə makiyaj trendinin yayılmasına kömək edir. Beləliklə, yeddi yaşında olan uşaqlar indi hətta dəriyə qulluq qaydalarını sosial mediada paylaşırlar. Hal-hazırda, demək olar ki, 10 yaşına qədər hər bir uşaq qocalmanın təsirlərini minimuma endirmək üçün nəzərdə tutulmuş retinol, aşındırıcı turşular, toniklər və serumlar kimi inqrediyentləri olan yaşlanma əleyhinə məhsullardan istifadə edirlər.
Kosmetik vasitələr istehsal edən şirkətlər tərəfindən yaradılan gözəllik sənayesi altı yaşlı uşaqların dəriyə qulluq məhsullarına ehtiyacı olduğunu, parıltının mütləq olduğunu və gözəlliyin sadəcə üstünlük deyil, həm də zərurət olduğunu inandırmaqla azyaşlılara psixoloji təsir göstərir.
Mütəxəssislər hesab edirlər ki, bütün bunlar yeniyetməliyin "ölümünə" kömək edir, çünki uşaqlıq və yetkinlik arasındakı körpü getdikcə qısalır.
Yeniyetmələr öz gözəlliklərinə şübhə edərək kosmetika alırlar, sosial media isə özünə hörmət problemlərini daha da artırır. Yeniyetmələr özləri haqqında mənfi düşüncələr, yemək pozğunluqları və depressiya inkişaf etdirirlər.
Bəs vəziyyəti necə düzəltmək olar
Böyüklər uşaqlara gözəllik standartlarını tətbiq etməməlidirlər. Uşaqlar yenicə öz imicini və öz şəxsiyyətini formalaşdırmağa başlayırlar. Bu, özünəhörmət və özünəinamın inkişafı üçün çox vacib bir mərhələdir.
Uşaqlar mükəmməl görünmək üçün təzyiq hiss etməməli və ya müəyyən məhsulların onları daha populyar və ya cəlbedici etdiyinə inanmamalıdırlar.
Bizim.Media