Mənə elə gəlir ki, ötən əsrin 80-90-cı illərində təhsil alan hər bir azərbaycanlının ömür-həyatında heç vaxt unudulmayan məqamlardan biri də budur: Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məlumatı ilk dəfə nə vaxt, hansı şəraitdə eşidib? Oxuyub ona görə yazmıram ki, o zaman belə bir məlumatın çap edilib geniş yayılması imkansız idi. Müəyyən peşəkarlar, ixtisas sahibləri bu barədə nələrsə bilə bilərdilər, lakin cəmiyyətin böyük hissəsinin bu tarixi gerçəklikdən xəbəri yox idi.
Neftçalada professor ailəsində böyüyən dostumuz Azər Turan danışır ki, bir dəfə mərhum bəstəkarımız Emin Sabitoğlu bizə gəlmişdi, qapı- pəncərələri möhkəm bağlayandan sonra qəribə bir musiqi çaldı və ardınca söylədi: “Bu, Azərbaycan Xalq Cümhuriyyətinin himnidir!”
Deməyim odur ki, cümhuriyyətdən məlumatı olan tək-tük adamlar da heç nə danışmır, sovet təhlükəsizlik sistemindən haqlı olaraq ehtiyatlanırdılar. Çünki bu, parlaq bir tarix idi. Söhbət Şərqdə ilk demokratik respublikanın qurulmasından gedirdi. Xalq Cümhuriyyəti haqda elementar bilgilərə sahib olmaq SSRİ-nin mahiyyətini açmaq, sovet qardaşlığının saxtalığını ifşa ermək idi.
Mən Xalq Cümhuriyyəti barədə ilk dəfə orta məktəbdə tarix müəllimimiz olmuş Əbil Şükürovdan eşitmişəm. Bir gün o, sinfə daxil olan kimi “Cib dəftərçələriniz varmı?” deyə sual etdi. “Var” söylədik. “Sizə bir ad deyəcəm, ora qeyd eləyin və heç vaxt unutmayın: Məmməd Əmin Rəsulzadə.”
O zaman mən Əmin adının varlığından xəbərsiz idim. Ona görə bu sözü “Əmir” kimi qeyd elədim. Və müəllimimiz bu adam haqda, sözsüz ki, Xalq Cümhuriyyəti haqda bizə qısa, ancaq dolğun məlumat verdi. Sonralar müəllimimin məndə yaratdığı tükənməz maraqla tarixçi Nəsiman Yaqublunun “Məmməd Əmin Rəsulzadə” kitabını Bakıdan Laçına, oradan da 70 km şimalda olan kəndimizə gətirtdim və oxudum. Səhv eləmirəmsə, bu kitab böyük lider və cümhuriyyət haqqında çap olunan ilk kitablardandır.xa0

Əbil müəllim də kəndimizdə ilk ali təhsilli tarix müəllimi idi. Dərsi izah edəndə əlini alnına qoyur, gözlərini azca yumurdu. Biz ondan həmişə çəkinmişik. Böyüyüb cavan oğlan olanda da bu çəkingənlik canımızdan çıxmayıb. Kənd aralığında dolaşanda müəllimimizə rast gələcəyimizdən ehtiyat edirdik. Çünki əsl şagirdə avaralıq yaraşmazdı. Üstəlik, sabah dərsi zəif danışsaq, daha çox utanacaqdıq. O, başqa müəllimlər kimi uşaqları döymürdü, baxışı, duruşu, rəftarı, səlist və məntiqli danışığı ilə adamı o dünyalıq edirdi. Özünün də idarənin, klubun, poçtun qarşısında boş-boş mübahisələr edən, vaxt öldürən kənd sakinlərinə qoşulduğunu heç vaxt görməmişdik. Sözü olanda yaxınlaşıb deyir, cavabını alıb uzaqlaşırdı. O, heç vaxt gözümüzdə adiləşmədi və müəllim ucalığından enmədi.xa0 xa0 xa0xa0
Əbil müəllim biz uşaqlara, yeniyetmələrə həm də nümunə göstərilirdi. Yetim bir oğlan, yamaqlı şalvarla Bakıya gedib ali təhsil almışdı. Onun cibinə pul qoyan, arxasında duran elə bir imkanlı qohumu yox idi. Əbil müəllim təkbaşına, öz savadı və bacarığı hesabına uğur qazanmağın rəmzi hesab olunurdu və insanları o vaxt hardasa imkansız görünən bu faktın doğruluğuna əyani şəkildə inandırırdı.xa0xa0
O, tarixi bizə sevdirə bilmişdi. Yadımdadır, Qərbi Roma İmperiyasının süqutu dərsini danışanda əməlli-başlı təsirlənmişdim. Hətta gözlərim dolmuşdu. Son abzasları bədii üslubda yazılmış mətni başdan-ayağa əzbər bilirdim və dərsdən çox bir şeir kimi, poetik parça kimi söyləyirdim. Əbil müəllim dərsi o cür danışmağıma təəccüb eləmişdi. Həyəcandan əlimin-ayağımın əsdiyini görmüşdü. Hətta atama demişdi ki, oğlunu həkimə göstər, əsəblərində problem ola bilər.
İndi hərdən düşünürəm, bir dərsin uşağa o qədər təsir göstərməsi normal deyildi. Düzdü, böyük bir mədəniyyətin, zəngin bir epoxanın barbarlar tərəfindən darmadağın edilməsi və bir ictimai-iqtrisadi formasiyanın sona çatması elə-belə hadisə sayılmırdı. Lakin sonunda bu bir dərs idi və emosiyalara hesablanmamışdı. Görünür, Roma şəhərinin talanması uşaq intuisiyamı oyatmışdı və nə zamansa Laçının da belə talanacağını şüurumun alt qatlarında hiss etmişdim.
İndi bu xatirələr Azərbaycan Xalq Cümhuriyyətinin 100, Əbil müəlliminsə 80 yaşının tamamında yaddaşımdan sap kimi çözələnir. Romanın süqutu isə Laçının dağılması ilə assosiasiya olunur.xa0
Əbil müəllim ali məktəbi bitirib Bakıda qalmışdı və işləyirdi. Hətta ev də almışdı. Onu parlaq bir gələcək gözləyirdi. Lakin ailənin təkidi ilə doğma kəndinə qayıtdı. Laçında mühit çox mühafizəkar idi və ata yurdunu tərk edib getməyə icazə verilmirdi. İllah da səni səsləyən, səni öz yanlarında görmək istəyən ən doğma adamaların idisə, iradələrinə tabe olmalıydın.
Əbil müəllimin kəndə qayıtması böyük amallarla yaşayan, savadı üzərində haqq etdiyi karyeranı qurmaq arzusunda olan bir tarixçi kimi onun şanssızlığı idisə, bizim şansımız idi. O, lap erkən yaşlarında gözümzü açdı, bizə qol-qanad verdi, təkcə müxtəlif məkanlara yox, həm də müxtəlif zamanlara xəyali səyahətlərə apardı. O vaxt ucqar kənd yerində belə müəllimlərin varlığı qənimət hesab olunurdu.
Zaman gəldi, Əbil müəllim qayıtmaq istəmədiyi kəndi göz yaşları ilə tərk etməli oldu. Hətta o yerlərin həsərətindən qalın bir şeir kitabı da bağladı. Bu yaxınlarda isə eşitmişəm, 80 yaşın xatirələrini qələmə alır.xa0
O, qiymətli ömrünü Laçından sonra da gənclərin təhsilinə xərclədi. Uzun müddətxa0 rayonumuzun Bakıda yerləşən ən nümunəvi məktəbinə rəhbərlik etdi.xa0
Əbil müəllim təkcə müəllim, maarifçi deyil, həm də ictimai xadimdir. Laçının, xüsusən doğma Ağbulağın heç bir toyu, yası, heç bir tədbiri onsuz keçmirdi. Məclislərdə həmişə başda əyləşirdi. Biz tərəfin insanlarının ali təhsil almasında, paytaxtla əlaqəli problemlərinin həll edilməsində müstəsna rolu vardı. Qocaların, qadınların, hətta uşaqların qabağına düşüb Bakını idarə-idarə, xəstəxana-xəstəxana dolaşırdı. Bunu özünə borc bilirdi.
Dəfələrlə şahidi olmuşam ki, Azərbaycanın uzaq-uzaq bölgələrinə səpələnmiş həmyerlilərimizin yas mərasimlərində səhhətinə görə iştirak edə bilmədiyinə necə təəssüflənib, zənglə, ismarışla üzrxahlığını çatdırıb. Kimliyindən asılı olmayaraq, ziyarətinə gedə bilmədiyi xəstədən utanıb, öz əvəzinə övladlaırnı yollayıb. Məncə, Əbil müəllim yaşlılığı arzuladığı ünvanlara gedə bilməməyi ilə daha çox hiss edib. Bu cür yaşlanmaq sözün həqiqi mənasında şərəflidir.xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Mən əziz müəllimimə bu yaşda iki nemət arzu edirəm: can sağlığı və indi ona hər şeydən artıq lazım olan doğma Laçına qayıtmağı.xa0
Allah nəsib etsin.
Şərif Ağayar































































































