Özünü hüquq müdafiəçisi kimi təqdim edən qadının vətəndaşlara külli miqdarda ziyan vurduğu iddia edilir.
Bizim.Media xəbər verir ki, söhbət Səbiyyə Panəliyeva adlı qadından gedir.
Bildirilir ki, o, göstərəcəyi hüquq xidmətləri əvəzində vətəndaşlardan bank kartı vasitəsilə müəyyən miqdarda pul vəsaitləri tələb edib. Ona müraciət edənlər deyirlər ki, qadın pulu alsa da, heç bir hüquqi xidmət göstərməyib.
Zərərçəkənlərin iddiasına görə, o, özünü hansısa hüquq bürosunda hüquqşunas kimi təqdim edib və ölkənin müxtəlif bölgələrindən müraciət edən insanların etibarından sui-istifadə edib.
Araşdırmalar zamanı isə məlum olub ki, Səbiyyə Panəliyeva hüquq müdafiəçisi deyilmiş. Qadının 12 nəfərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu bildirilir.
İddialara aydınlıq gətirmək üçün Səbiyyə Panəliyeva ilə telefon əlaqəsi yaratdıq. O, "Xəzər Xəbər"ə açıqlamasında deyilənlərin həqiqəti əks etdirmədiyini bildirdi.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli “Xəzər Xəbər”ə bildirib ki, vətəndaş Səbiyyə Panəliyeva tərəfindən bir neçə şəxsin hüquqazidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı rayon polis orqanlarında müraciətlər var. Hazırda həmin müraciətlər əsasında araşdırmalar aparılır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media