Biləsuvar sakini, 77 yaşlı təqaüdçü Rüstəm Ərastun oğlu Məmmədovun ekoloji sahədəki fəallığı nəticəsində dövlət büdcəsinə 1 milyon manat vəsait köçürülüb.
O, 10 ilə yaxındır ki, ətraf mühitin qorunması, qanunsuz ovçuluq və ekoloji qayda pozuntularına qarşı mübarizə aparır.
Onun ətraf mühitin qorunması istiqamətindəki fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə təqdir edilib, ona müxtəlif təşəkkürnamələr, hədiyyələr və diplomlar təqdim olunub. 77 yaşlı ictimai fəal təqaüdə çıxdıqdan sonra asudə vaxtını məhz qanunsuz ov hallarının qarşısının alınması, yaşıllıqların qorunması və ətraf mühitin məişət tullantılarından təmizlənməsi istiqamətində vətəndaş təşəbbüsünə həsr edib.
Rüstəm Məmmədov bu sahədə aşkarladığı qanunsuzluqlarla bağlı aidiyyəti qurumlara mütəmadi məlumatlar təqdim edib, aparılan araşdırmalar nəticəsində çoxsaylı cərimələr tətbiq edilib.
Hesablamalara görə, onun fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanlara görə yazılan cərimələrin ümumi məbləği 1 milyon manata yaxın olub və həmin vəsait dövlət büdcəsinə köçürülüb.
Bu fakt 3 saylı Regional Ekologiya İdarəsi tərəfindən də təsdiqlənib.
Hazırda da Rüstəm Məmmədov ekologiyanın qorunması, qanunsuz ovçuluq, nadir heyvan və bitki növlərinin mühafizəsi sahəsində ictimai nəzarətini davam etdirir.
Sabutay, Bizim.Media, Cənub bürosu