Bildiyimiz kimi, Azərbaycanda heyvanlandarlıq daim geniş yayılıb. Ancaq bir sıra statistik göstəricilərə əsasən, axır vaxtlar bəzi iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. Bunlardan biri də qoyunlardır. Belə ki, son illər ölkəmizdə yerli qoyunların sayı azalır. Buna görə də qoyunun xaricdən idxalı daha da artıb.
Hesablamalara əsasən ötən il xaricdən Azərbaycana 181 min 823 baş qoyun gətirilib.
Maraqlıdır ki, qoyunların sayının azalmasının səbəbi nədir?
MÖVZU İLƏ BAĞLI:
Quzu, yoxsa qoyun əti daha FAYDALIDIR?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bu məsələni birbaşa olaraq otlaq sahələrinin azalmasıyla əlaqələndirib.
“Həm iri buynuzluların, həm də qoyunların, keçilərin sayı kəskin şəkildə azalıb. Son 6 ildə xırda buynuzlu heyvanların sayında 1 milyon 800 min-ə yaxın azalma var. Bunun səbəbi son vaxtlar ot istehsalı, örüş sahələri, təbii biçənək ərazilərinin də azalmasıdır”.
Ekspert vurğulayıb ki, bu məsələyə Kənd Təsərrüfatı Nazirliyi diqqət etməlidir.
“İlk olaraq örüş, biçənək sahələri müəyyən edilməlidir. Bu örüş sahələri mənimsənilib. Bələdiyyələr əkin işləri aparılmamalı olan ərazidə əkinlə məşğul olublar. Örüş əraziləri sıradan çıxıb ki, bu da heyvanların sayının azalmasına səbəb olub.
Dövlət Statistika Komitəsi ət istehsalında artım olduğunu göstərsə də, reallıq elə deyil.
Apardığımız hesablamalar göstərdi ki, ət istehsalının artımı yalnız ona görə baş verib ki, heyvanlar məcburi kəsimə verilib. Heyvanların sayının azalması hesabına ət istehsalının artması yaxşı göstərici deyil”.
Bəs problemdən çıxış yolu nədir?
“Çıxış yolu örüş sahələrinin müəyyən edilib, o sahələrdə yemləmənin, suvarma işlərinin həyata keçirilməsi, toxum səpini həyata keçirilməsidir. O cümlədən, növbəli otarılma təşkil edilməlidir. Bu edilməsə, heyvanların sayının daha da azaldığını müşahidə edəcəyik”-deyə müsahibimiz qeyd edib.
Vahid Məhərrəmov sonda vurğulayıb ki, qar yağdığı zaman xırda buynuzlu heyvanları otarmaq mümkün olmadı.
“Sahibkarlar da yemin olmamasından şikayət etdilər. Ot qiyməti də baha olduğuna görə onu da verə bilmədilər. Yəni, məsələ yemlə bağlıdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media