Öskürək siropları ilə bağlı XƏBƏRDARLIQ – Həddən artıq qəbul etsəniz...

Hazırda oxunan: Öskürək siropları ilə bağlı XƏBƏRDARLIQ – Həddən artıq qəbul etsəniz...

238013

Qış aylarında insanlar daha çox xəstəliklərə yoluxurlar. Belə vəziyyətdə isə çoxları müxtəlif dərman preparatlarını qəbul edirlər. Lakin elə hallar olur ki, tez-tez istifadə edilən bəzi dərmanların gözlənilən faydanı vermədiyi və hətta zərərli ola biləcəyi iddia edilir.

Mütəxəssislər qeyd edirlər ki, öskürək siropları, virus əleyhinə dərmanlar, bəlğəmgətiricilər, aktivləşdirilmiş kömür və ürək damcıları heç də həmişə gözlənilən faydanı verə bilməz.

Bu məhsulların bəziləri sağlamlığa mənfi təsir göstərə də bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib ki, istənilən dərman vasitəsinin optimal terapevtik effekt yaratması üçün o dərmanın istehsal prosesi, hazırlanma və yaxud istehsal zamanı tətbiq olunan kimyəvi kompenentlərin qoşulma prosesi, dərman preparatının özünün stabilliyi və davamlılığı, saxlanılması, qablaşdırılması, daşınması və tətbiqi məsələsi çox vacibdir:

“Sadalananların hamısı yerində olsa, o zaman dərman terapiyası prosesində lazımi terapevtik effekt almaq mümkündür. Yox, əgər göstərilən amillərdən hər hansı biri pozulubsa, nəzərdən qaçıbsa o zaman ixtiyari dərmanın təsir effektivliyi xeyli aşağı düşür. Yalnız protokol qaydaları əsasında təyin olunmuş dərmanlar müvafiq şəkildə xəstələrə tətbiq olunarsa, mütləqdir ki, onun tətbiqindən müsbət müalicəvi nəticə hasil olacaq. Bu mənada öskürək əleyhinə, bəlğəmgətirici siroplar normal dozada və həkimin müəyyən etdiyi formada qəbul edilərsə o zaman onun istifadəsinin heç bir qorxusu yoxdur”.

Müsahibimiz təəssüflə bildirib ki, bəzi pasiyentlər dərman vasitələrini ya özbaşına, ya da həkimin verdiyi reseptə uyğun olmayan qaydada qəbul  edirlər:

“Yaxud da lazımi miqdardan az, ya da həddən artıq çox qəbul edirlər. Hər iki hal əlavə problemlərin yaranmasına, habelə xəstəliyin ağırlaşmasına səbəb olur. İlin mövsümünə, yanaşı gedən patoloji  proseslərə, yaşayış məntəqəsinə, coğrafi areala nəzər yetirilərək tətbiq edilən dərman vasitələri müsbət təsir göstərməklə optimal müddətdə xəstənin sağalmasına şərait yaradır.

Bu mənada, təkcə bəlğəmgətirici preparatlar deyil, bütün dərman vasitələri normadan az istifadə olunduqda və ya normadan çox istifadə edildikdə onun zərərli təsirləri mümkündür. Antiviral dərmanları hər zaman qəbul etmək məsləhət deyil.

SARS kimi viruslara kəskin yoluxma zamanı insanda temperatur yüksəlir.

Belə halda isə bəzən insanlar antibiotik qəbul edirlər. Qeyd etmək lazımdır ki, antibiotiklərin tətbiqi viruslara birbaşa təsir etmir. Yalnız virusa yoluxduqdan sonra immun sisteminin zəifləməsi nəticəsində digər bakteriyaların və mikrobların təsirindən yaranan patoloji prosesləri aradan qaldırmaq üçün antibiotik təyin oluna bilər. Virus əleyhinə antibiotiklərin tətbiqi məqsədəmüvafiq deyil.

Bir sözlə, “zərərli dərman” anlayışı yoxdur. Dərman düzgün təyin olunursa və ondan tələbə uyğun istifadə edilirsə, o zaman heç bir prepatat ziyanlı deyil, o cümlədən də bəlğəmgətiricilər. Fərdi həssaslıq, əlvə təsirlər proqnozlaşdırılan hallar kimi qəbul olunmalıdır. Dərman tətbiqinə əks göstəriş hallarında mütləq həmin preparatın müalicəyə tətbiq olunmasından uzaqlaşmaq lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin