Qubadlı rayonunun Zilanlı kəndində tikinti işləri davam etdirilir. Rayon mərkəzindən 21 kilometr məsafədə yerləşən kəndin ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə 926 sakinin məskunlaşması üçün 43 hektar ərazidə 193 evin tikintisi aparılır.
Bizim.Media xəbər verir ki, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov AZƏRTAC-a bildirib ki, Zilanlı kəndində fərdi yaşayış evlərinin 154-nün qaba işləri, 164 evin isə dam işləri yekunlaşıb.
Ümumi evlərin 30 faizinin fasad izolyasiya işləri və suvaq işləri icra edilib. Artıq bir neçə evdə daxili mühəndis-kommunikasiya xətlərinin çəkilməsi də yekunlaşıb. Hazırda evlərin üzərində Günəş panelləri quraşdırılır.
Onun sözlərinə görə, kəndlər layihələndirilərkən zəruri kommunikasiya xətləri ilə bərabər, ərazinin relyefi də nəzərə alınır və orada yağış, eləcə də sel sularının idarə olunması üçün tədbirlər görülür. Kəndlərdə evlərin kürsüsü minimum 45 santımetr olmaqla tikilir və relyefə görə bu ölçü dəyişə bilir.
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva isə bildirib ki, hər bir evin həyətyanı sahəsi 12 sot təşkil edir, həyətlərdə yardımçı tikililər də mövcuddur.
Zilanlı kəndində evlər sakinlərin ailə tərkibinə uyğun olaraq ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı inşa edilib. Sakinlərin burada rahat yaşaması üçün bütün zəruri məqamlar nəzərə alınıb. Kəndin birinci mərhələsi üzrə nəzərdə tutulan bütün inşaat işləri yekunlaşdırıldıqdan sonra tikilən evlərə əhalinin ilk köçü də planlaşdırılır.
Bizim.Media